04 noyabr 2026 10:34
70

8 NOYABR  – Vətənpərvərlik və Qəhrəmanlıq Məktəbinin Şanlı Zirvəsi

Bu gün fəxrlə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Günü illərlə formalaşan milli vətənpərvərlik tərbiyəsinin, Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətin və Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət siyasətinin məntiqi nəticəsidir.  Bu tarix göstərdi ki, vətənpərvərlik ruhunda tərbiyə olunan gənclik hər bir xalqın ən böyük sərvəti və yenilməzlik təminatıdır.

 Ümummilli Lider Heydər Əliyev demişdir: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”. Vətənə sevginin təməlində onu qorumaq dayanır. Bu, həm də dilimizi yad təsirlərdən, dinimizi ayrıseçkilikdən, milli-mənəvi dəyərlərimizi dəyişiklikdən, torpaqlarımızı yadellilərdən qorumaq deməkdir. Bugünkü  gənclik həm də  XXI əsrin bilik və bacarıqlarına malik, milli-mənəvi dəyərləri yaşadan, fəaliyyətində  azərbaycançılıq milli məfkurəsini rəhbər tutan,  dövlətə və dövlətçiliyə sədaqət ruhunda böyüyən, Vətənin müdafiəsinə hər an hazır olan gənclikdir.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün ərzində Zəfərlə taclanan Vətən müharibəsində gənc nəslin Vətənə sevgisinin, məhəbbətinin bir daha  canlı şahidi olduq. Vətənə sevgisini dildə deyil əməldə göstərən igid, cəsur Vətən oğulları 30 il ərzində işğal altında qalan torpaqlarımızı 44 günə azad etdi. Minlərlə vətəndaşımız müharibəyə getmək üçün könüllü olaraq müraciət etdi. Xalqımız Ali Baş Komandanımızın ətrafında Dəmir yumruq kimi birləşdi. Vətənpərvərliyin nişanəsi olan bu yumruq müharibə zamanı şanlı Zəfərimizin simvoluna çevrildi.

Biz vətənpərvərliyi xalqımızın birlik və həmrəyliyində, torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə son damla qanınadək döyüşərək şəhid və ya qazi olmuş qəhrəman oğullarımızın misilsiz rəşadətində, vətəndaşlarımızın bayraq, yurd sevgisində, könüllü cəbhəyə yollananların cəsarətində, Prezidentimizin müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində, dövlət başçısına yazılan minlərlə məktublarda, övladı şəhid olmuş, yaralanmış, malı-mülkü dağıdılmış vətəndaşlarımızın yalnız “İrəli!” nidasında, “Qarabağ Azərbaycandır!” kəlməsinin bütün ruhumuza hakim kəsilməsində,  Ali Baş Komandanımızın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər müraciətində, Qələbədən sonra torpaqlarımıza Prezidentimizin səfərlərində,  toraqlarımızda aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirlərində, tarixi-dini, mədəni abidələrimizin bərpasında, canımızla, qanımızla bu torpağa bağlılıqda gördük. Qəhrəman ataların, cəsur ürəkli anaların yetişdirdiyi oğullar tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri bəxş etməklə həm də adımızı Qalib xalq kimi əbədi etdilər. Bu gün onların sayəsində başımızı dik, qürurla  Zəfər gününü qeyd edirik.

Muxtar respublikada da ordu quruculuğu sahəsində müəyyənləşdirilən vəzifələr  uğurla həyata keçirilir, ordu, birləşmə və hissələrin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır. Görülən işlərin nəticəsi özünü İkinci Qarabağ müharibəsində , eləcə də anti-terror əməliyyatı zamanı təxribatın qarşısını alarkən bir daha göstərdi. Naxçıvanın igid, vətənpərvər oğulları xüsusi qəhrəmanlıq, rəşadət göstərərək döyüşlərdə seçildilər. Ölkə başçısı bununla bağlı vurğulamışdır: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Qəhrəman Vətən oğullarının canı-qanı bahasına üçrəngli bayrağımız bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında və digər işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.

8 Noyabrda əldə olunan hərbi-siyasi Zəfər bu gün genişmiqyaslı quruculuq işləri ilə davam etdirilir. Azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı, qurulan ağıllı şəhərlər, kəndlər, çəkilən yollar, hava limanları və bərpa olunan mədəni abidələr, torpaqlarımıza qayıdan uşaqların gülüşü, dalğalanan üçrəngli bayrağımız qəhrəman şəhidlərimizin ruhunun şad olduğunun və qoyub getdikləri əmanətin etibarlı əllərdə olduğunun sübutudur.

Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır”. Biz bu gün qalib xalq kimi ikiqat sevincli və qürurluyuq ki, bundan sonrakı gənc nəsil qəhrəman, yenilməz Azərbaycan əsgərinin gücü və qüdrətindən, adı, əməlləri dastana dönən şəhidlərimizin qəhrəmanlıq salnamələrini öyrənərək yetişirlər. Bu gün 8 Noyabr Zəfər Gününü qeyd edərkən bir daha əmin oluruq ki, milli-mənəvi dəyərlərinə, torpağına və dövlətinə bağlı yetişən Azərbaycan gəncliyi bu müqəddəs Zəfəri əbədi yaşatmağa və üçrəngli bayrağımızı həmişə zirvələrdə dalğalandırmağa qadirdir.

Güntac Şahməmmədli,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı