20 iyul 2022 19:43
1082

Lerikin Loda kəndində Vətən müharibəsi şəhidi Gündüz Əliyevin doğum günü qeyd olunub - FOTO

Lerik rayonunun Loda kəndində Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib və adına inşa olunan bulaq kompleksinin açılışı olub.

“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev,Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev,Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri,kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhid Əliyev Gündüz Etibar oğlunun adına inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilib. Mərasim iştirakçıları tərəfindən əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edən natiqlər şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlıqlarını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin,xatirəsinin daim əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd ediblər.

Qeyd edək ki, şəhid Əliyev Gündüz Etibar oğlu 2001-ci il İyul ayının 18 də Lerik rayonunun Loda kəndində anadan olub. "Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman şəhid Gündüz Əliyev II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edir və yüksək qəhrəmanlıqlar göstərərək adını qızıl hərflərlə tarixə yazır. 30 sentyabr 2020 ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", medalları ilə təltif edilib.

Sonda şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.