21 iyul 2022 23:55
896

Binəqədidə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradılmasının 140 illiyi münasibətilə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradılmasının 140 illiyi münasibətilə teatrda çalışan YAP Binəqədi rayon təşkilatının üzvləri və yaradıcı heyətlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov mədəniyyətimizin inkişafından, ölkəmizdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü ilin 10 mart tarixində Azərbaycanda ilk peşəkar teatrın əsası qoyulduqdan sonra 1882-ci il aprelin 2-də İrəvanda peşəkar teatrı yarandı. İrəvan teatrı yarandığı vaxtdan bu günə qədər uzun, şərəfli və keşməkeşli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb, öz peşəkarlığı və istedadı ilə ölkəmizi, xalqımızı və onun mədəniyyətini layiqli təmsil edib. Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri olan teatr sənətinin ən parlaq nümunələrindən biri olan İrəvan teatrı xalqın oyanışında, cəmiyyətin maarifləndirilməsində, mədəni-estetik tərbiyəsində mühüm rol oynayır və bu istiqamətdə çoxsaylı maraqlı, peşəkar tamaşalar ərsəyə gətirir. Xüsusilə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edən əsərlərin yazılması və tamaşaçılara yüksək səviyyədə təqdim edilməsi təqdirəlayiqdir.

Vüsar İsmayılov çıxışında teatrın hər zaman dövlət qayğısı və dəstəyi ilə əhatələndiyini, dövlət başçısı İlham Əliyevin teatrın 140 illiyinin qeyd edilməsi üçün imzaladığı Sərəncamı diqqətə çatdırdı. Teatr sənətinin fədailərini İrəvan Dövlət Azərbayca Dram Teatrının yaradılmasının 140 illiyi münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladı.

Daha sonra çıxış edən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə kollektivi adından təşəkkürünü bildirdi. Teatrın 140 illiyinin qeyd edilməsi məqsədilə imzalanan müvafiq Sərəncamın kollektivin hər bir üzvü üçün əvəzsiz stimul olduğunu söylədi. Onun sözlərinə görə ölkəmizə mədəniyyətimizin inkişafı, yeni yardıcılıq əsərlərinin ərsəyə gəlməsi, təqdim edilməsi, dünyada tanıdılması istiqamətində dövlətimiz tərəfindən ciddi işlər görülür. Mədəniyyət işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların yaradıcılıq potensialının artırılması üçün hər cür şərait yaradılır. Bu baxımdan rəhbərlik etdiyi kollektivə göstərilən dövlət dəstəyinin onları daha böyük yaradıcılıq uğurlarına sövq etdiyini, kollektivin üzərinə böyük məsuliyyət qoyduğunu vurğuladı. Göstərilən diqqətə və görüşə görə YAP Binəqədi rayon təşkilatına minnətdarlığını bildirdi.

Görüş çay süfrəsi ətrafında maraqlı fikir mübadiləsi ilə davam etdirildi. Teatrın əməkdaşları təbriklərə görə təşəkkürlərini bildirdilər.

YAP Binəqədi rayon təşkilatı tərəfindən teatrın kollektivinə təbrik üçün fəxri fərman və xatirə hədiyyəsi təqdim edildi.

Sonda xatirə şəkli çəkdirildi.