21 iyul 2022 20:18
759

Daşkəsəndə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib - FOTO

Daşkəsəndə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş keçirilib. Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanından irəli gələn məsələlərin yerlərdə icrasını təmin etmək məqsədi daşıyıb.

“İki sahil” xəbər verir ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsi müdiri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən rayon xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev, “Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsibli, “Kapital” bankın Daşkəsən filialının nümayəndəsi Cəfər Cəfərzadə, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin nümayəndələri Məhəmməd Zeynalov və Asim Zülfəli, rayonun aidiyyəti xidmət sahələrinin rəhbər və nümayəndələri, bir qrup sahibkar və fermerlər iştirak ediblər.

RİHB-nin müavini Vüqar Məmmədovun və KOBİA-nın Gəncə-Qazax regional koordinatotu Anar Əliyevin Daşkəsən rayonunda heyvandarlıq və kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair ətraflı çıxışlarından sonra rayon ərazisində dövlət tərəfindən aqrar sahədə nəzərdə tutulan mövcud kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunmasında yaranmış çətinliklərin aradan qaldırılması, fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün subsidiyaların vaxtında verilməsi, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, bununla bağlı sahibkar və fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonda sahibkar və fermerlərə məlumatlandırıcı materiallar paylanıb.