Ağdam Rayon Heydər Əliyev Mərkəzində Birinci Qarabağ müharibəsi şəhidi, kəşfiyyatçı İdris Oruc oğlu Hümbətovun şəhid olmasının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, QMƏVŞA ictimai Birliyinin Ağdam rayon filialının sədri Baxşeyiş Abbasoğlu, Qarabağ Qazilər Birliyinin Ağdam rayon filialının sədri Şamil Əbilov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” abidə kompleksini və Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Anım mərasimində çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər şəhid İdris Hümbətovun kəşfiyyatçı kimi keçdiyi şərəfli döyüş yolundan ətraflı söz açaraq şəhidimizin vətənpərvərliyindən və gənc nəslə nümunə olan həyatından geniş şəkildə bəhs etdilər.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.