Media nümayəndələri 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində olublar
İyulun 21-də yeni fəaliyyətə başlayan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə media-tur təşkil edilib.
Media nümayəndələrinə əvvəlcə mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Sumqayıt şəhərində ikinci, ümumilikdə ölkə üzrə 24-cü mərkəzdir. Ümumilikdə, “ASAN xidmət” mərkəzlərində bugünədək 54 milyona yaxın müraciət əsasında xidmət göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev əvvəlcə Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “ASAN xidmət”in fəaliyyətinin işıqlandırılmasında hər birinizin böyük rolu var. İşləriniz hər zaman asan olsun, gələcək fəaliyyətiniz uğurlu olsun.”

E.Niftəliyev bildirib ki, 2013-cü ildən fəaliyyət göstərən 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi gündəlik olaraq 3 minə yaxın vətəndaşa xidmət edir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, ölkə başçısının tapşırığına əsasən 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi inşa edilib. İyulun 20-də dövlətimizin başçısı 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi. Artıq bu gündən vətəndaşlarımız 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə müraciət etməklə işlərini asanlaşdıra bilərlər. Burada müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcəkdir. Xatırladım ki, vaxtilə “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayanda bu xidmətlərin sayı cəmi 25 idi. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcəkdir.”
Qurum rəsmisi diqqətə çatdırıb ki, mərkəzdə 220 videomüşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, yanğın söndürmə sistemi, çiller, generator, UPS və xüsusi dizayna malik 2 lift quraşdırılmışdır. Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə mərkəzdə “INNOLAND” mərkəzi fəaliyyət göstərəcəkdir.”
E.Niftəliyev qeyd edib ki, mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcəkdir. Həmçinin burada ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilmişdir. Mərkəz Sumqayıt şəhərində dənizkənarı bulvara inteqrasiya edilmiş və onunla vəhdət təşkil edir. Mərkəz üçün ayrılan 1,85 ha ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib. Bir sözlə, vətəndaşlarımızın bu mərkəzə gələrkən dövlət orqanları, özəl şirkət və müəssisələrinin xidmətlərindən yararlanmaqla bərabər, istirahəti üçün də imkanlar yaradılıb.

2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Ruslan Tağıyev “İki sahil”ə açıqlamasında qeyd edib ki, bu gündən etibarən Sumqayıtda yeni bir “ASAN xidmət” mərkəzi vətəndaşların xidmətindədir: “İlk gün olmasına baxmayaraq, kifayət qədər insanlar işlərini asanlaşdırmaq üçün mərkəzimizə üz tuturlar. “ASAN”çı olaraq vətəndaşlarımıza xidmət göstərməkdən qürur duyuram.”

2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin böyük məsləhətçisi Təliə Rzayeva isə açıqlamasında vurğulayıb ki, vətəndaşların bizə olan inamını doğrultmaq bir “ASAN”çı olaraq həqiqətən qürurvericidir: “Bu gün xidmətə başladığımız ilk gün idi.Buna baxmayaraq vətəndaşlar xidmət saatından öncə bizə müraciət etmişdilər. Vətəndaşlarda özümüzə qarşı bu inamı yaratmaq bizi qürurlandırır. Mən “ASAN xidmət” mərkəzindən artıq 9 ildir fəaliyyət göstərirəm. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə müraciət sayı çox idi. Yeni mərkəzin açılmasının vətəndaş sıxlığının aradan qaldırılmasına da böyük köməyi olacaq. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması həm gənclərimizin yeni mərkəzdə işlə təmin olunması, həm də vətəndaşlarımızın daha rahat və operativ xidmətdən istifadəsinə şərait yaratdığına görə cənab Prezidentə təşəkkürümüzü bildiririk.”
Maraqlıdır, yeni mərkəz vətəndaşları məmnun edə bilirmi və onlar göstərilən xidmətin səviyyəsini necə dəyərləndirirlər?

Aynur Süleymanova: “Yeni açılmış mərkəzin bütün kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Mən Sumqayıtda yaşayıram. VÖEN açdırmaq üçün 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə müraciət etdim. Göstərilən xidməti çox yüksək dəyərləndirirəm və razıyam. Gələcəkdə də işimi rahat və tez həll etmək üçün zərurət olduqca müraciət edəcəyəm. Vətəndaşlara da tövsiyə edirəm ki, sosial problem və digər məsələlərinin həlli ilə bağlı “ASAN”a güvənib müraciət edə bilərlər. “

Fatimə Süleymanova da mərkəzdən məmnunluğunu ifadə edib: “Burada çalışan kollektiv səmimi, gülərüz və səbirlidir. Mən övladıma şəxsiyyət vəsiqəsi almaq üçün yeni mərkəzə müraciət etdim. Göstərilən xidmətin keyfiyyətindən razı qaldım. Təşəkkürümü bildirirəm ki, işimizi bu cür rahat və tez həll etmək üçün şərait yaradılıb. Vətəndaş olaraq arzum budur ki, insanların işlərini asanlaşdıran belə mərkəzlərin sayı çox olsun.”
Yaqut Ağaşahqızı, “İki sahil”