22 iyul 2022 20:29
675

Azad Şuşa - Masallıda tədbir/FOTO

YAP Masallı Rayon Təşkilatı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında  təşkil olunan növbəti tədbir “Şuşa ili” ilə bağlı idi. “Azad Şuşa” mövzusunda  keçirilən tədbirdə İlk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlardan keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Görüşdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının əməkdaşı C. Əliyev, Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Ə. Tağıyeva, fəallardan D. Hüseynova, D. Məmmədova, R. Qurbanlı, S. İbrahimli və başqaları çıxış edərək Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan  danışdılar. Natiqlər onu da bildirdilər ki, Qarabağın tacı, Azərbaycan xalqı üçün müqəddəs və əziz olan  Şuşa  mədəniyyətimizin, xüsusilə musiqimizin, muğam sənətimizin beşiyidir. Bu gözəl şəhər Azərbaycan poeziyasının, ədəbi dilinin vətəni sayılır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır.

Şuşa şəhəri 2020-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edildi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Ali Baş Komandanın siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbər ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsinə şərait yaratdı.

Zəfər Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü