22 iyul 2022 21:50
763

 YAP İmişli rayon təşkilatında Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

 YAP İmişli rayon təşkilatında Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev “Milli Mətbuat Günü” münasibətilə jurnalistləri və mətbuat nümayəndələrini təbrik edərək bildirdi ki, milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Qızıl Aypara Cəmiyyətinin regional şöbəsinin müdiri Vilayət Muradlı, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli Təhsil sektorunun müdiri Vahid Tağıyev, “Respublika” qəzetinin bölgə müxbiri Ərəstun Abdulov, “Həqiqət və reallıq qəzeti”nin baş redaktoru İsrafil Quliyev, Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim Səxavət Tağlar və digərləri  “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olduğundan bəhs edərək əlavə etdilər ki, əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.