22 iyul 2022 23:53
852

YAP Ağstafa rayon təşkilatının yaranmasının  29-cu ildönümü qeyd olunub - FOTO

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, rayon Ağsaqqallar Şurasının əməkdaşları, qazilər, Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının qərargahında davam etdirilib.

İlk öncə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 1993-cü il iyul ayının 24-də təsis edilmişdir. Təsis edildiyi gündən təşkilat üzvləri ölkənin qüdrətlənməsi yolunda Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək fədakarlıq nümayiş etdirmişlər. Partiya üzvləri 2003-cü ildən sonra Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin hər zaman yanında olaraq məqsədyönlü siyasətini dəstəkləmişlər.

Etibar Hacıyev YAP Ağstafa rayon təşkilatının fəaliyyətindən, qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edib, rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra çıxış edən natiqlər də tədbir iştirakçılarına öz təbriklərini çatdırıblar və  partiyamızın keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs ediblər.

Tədbirin sonunda YAP-ın sıralarına qatılan yeni üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.