22 iyul 2022 22:10
770

Kürdəmirdə Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb FOTO

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz  Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, Şəhid anası Simuzər Bağıyeva,   YAP rayon təşkilatının əməkdaşları Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına Şəhid olmuş Tarverdiyev Feyruz İslam oğlunun doğum günü ilə əlaqədar şəhidin rayonunun  Sığırlı  kəndində yerləşən  məzarını  ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və  xatirəsini ehtiramla yad etmişlər.

“İki sahil” xəbər verir ki,  daha sonra tədbir iştirakçıları  şəhidin evinə gedərək, ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər. YAP Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü  qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun  gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Tədbirdə çıxış edənlər şəhid Tarverdiyev Feyruz İslam oğlunun  keçdiyi   şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən  söhbət açmışlar.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi,  şəxsi igidlik   və şücaət  nümayiş etdirdiyi  üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamları  ilə    Feyruz Tarverdiyev  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları   ilə təltif edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu Vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!