İyulun 25-də Ağsu rayonu Çaparlı və Keçdiməz kəndlərində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin, Rəhimov Yalçın Elçin oğlu və Qurbanov Qamət Şəmşir oğlunun doğum günlərində xatirələri anılıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının rəsmi nümayəndələri, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının rəsmi nümayəndəsi, partiya fəalları, şəhid ailələri, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər.
İlk öncə şəhidlərimizin doğulduğu kəndlərdə yerləşən məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzulərək, ruhuna dualar oxunuldu.
Tədbir şəhidlərimizin adına verilən ehsan süfrəsi ilə davam etdirildi.
Daha sonra tədbir iştirakçıları şəhid Rəhimov Yalçın və şəhid Qurbanov Qamətin ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Rəhimov Yalçın Elçin oğlu Vətən müharibəsində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu kimi şərəfli döyüş yolu keçmişdir. Rəhimov Yalçın Vətən müharibəsi başlanan gündən bir çox döyüş əməliyyatlarında iştirak edərək böyük qəhrəmanlıq və şücaət göstərmiş düşmənin xeyli sayda itki verməsinə nail olmuşdur. Rəhimov Yalçın Noyabr ayının 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Qurbanov Qamət Şəmşir oğlu Vətən müharibəsində Azərbaycan Ordusunun pulemyotçusu kimi hərbi xidmətini yerinə yetirmişdir. Qurbanov Qamət 29 sentyabr tarixində Talış və Suqovuşan istiqmətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.