26 iyul 2022 00:11
912

Ulu Öndərimiz bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.

1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı