26 iyul 2022 22:51
801

Sanco çərpələng yarışı Lənkəranda FOTO

Lənkəran şəhəri Heydər Əliyev Xatirə Parkında Sanco çərpələng yarışına çoxlu adam  gəlmişdi. Bu yaddaqalan, maraqlı  yarış “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində  iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının  30-cu ildönümünə həsr olunmuşdu. 
Tədbirin rəsmi hissəsi Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadənin çıxış ilə başlandı:-  Tədbirdə hamınızı xoş gördük. Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər ümumi maraqlar, qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qurulub.  Bu hər iki  xalqın mənafelərinə xidmət edir. Son 30 il ərzində ikitərəfli münasibətlərin bütün səviyyələrində mühüm irəliləyişlərə nail olunub, Yaponiya Səfirliyinin maliyyə dəstəyi hesabına Lənkəran rayonunda bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam edir. Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında cənab Prezident Ilham Əliyevin xüsusi xidmətləri vardır. 

Tədbirdə iştirak edən Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini, müşavir Takeya Yukihiro  isə onun keçirilməsi üçün yaradılan şəraitə və göstərilən köməkliyə görə şəhər İcra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirdi və bundan sonra da qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. 

Çıxışlardan sonra tədbir iştirakçıların böyük marağına səbəb olan çərpələng yarışı başlandı.  Yarışa hər birində 5 nəfər olmaqla 2 komanda qatılmışdı. “Sanjo Kite Race” formatında keçirilən yarışda məqsəd rəqibin çərpələngini yerə düşürtməkdən ibarət idi. Yaponiyadan dəvət olunan 11 çərpələng ustası lənkəranlıların zövqünü oxşayan göstərişlər etdilər, sakinlərin çərpələng uçurtmaları üçün texniki məlumatlar verdilər, eləcə də  onların  çərpələng uçurtmasına  dəstək oldular. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü