27 iyul 2022 22:16
907

Torpağı Vətən edənlər... FOTO

İkinci Qarabağ  müharibəsində öz qəhrəmanlığı ilə dastan yazan Vətən sevdalısı  Ayxan Fariz oğlu Qurbanzadə Lənkəran rayonunun Şağlaküçə kəndində boya-başa çatmışdır. 22 yaşında Azərbaycanın bütövlüyü uğrunda canından keçən Ayxanın adı heç zaman milyonların yaddaşından silinməz. Çünki bu ad özündə  şanlı hərb tariximizin ayrılmaz  hissəsi olmaqla bütöv bir xalqın  qəhrəmanlıq simvolunu yaşadır. Onu da bildirək ki, Lənkəranın elinin igid oğlu dövlət tərəfindən döyüşlər zamanı göstərdiyi rəşadətə  görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Daşına, torpağına bağlandığı doğma kəndində isə qalib şəhidin  xatirəsinə bulaq kompleksi ucaldılıb. Onun açılış mərasimi də  Ayxanın adına layiq təşkil olunmuşdu.

Bulağın açılış lentini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin atası  Fariz   Qurbanovla birgə kəsdilər və önünə gül dəstələri düzüldü.

Çıxışlara Dövlət  Himninin oxuması və  Azərbaycanın bütövlüyü  uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla anılmaqla  başlandı.  Birinci söz alan icra başçısı T. Qaraşov oldu:- Şəhidlərin xatirəsinin əbədi olması üçün  görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daima irəli getmək əzmində olan gənc nəslinin hesabına əldə edildi. Qəhrəman övladlar yetişdirən bütün  valideynlərə yalnız xalqın təşəkkürü düşür.  İndi  ölkədə  cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  şəhid ailələrinə, müharibə veteranlarına xüsusi diqqət və qayğısı vardır. Onların xüsusi tapşırıqları əsasında  şəhidlərin adları ilə bağlı dəyərli işlər görülür  və xatirələrinin  yad edilməsi istiqamətində də mütəmadi şəkildə tədbirlər həyata keçirilir.  

Digər çıxışçılar  qalib şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən  söhbət açdılar, onunla qurur  duyduğunu dedilər. Şəhidin atası   Fariz  Qurbanov  dövlət başçısına, xalqına minnətdarlıq   etməklə bərabər,  bildirdi ki, Ayxan Vətən uğrunda şəhid olub. O, təkcə mənim yox, bütün Azərbaycanın fəxridir.

Çıxışlardan sonra məktəblilərin ifasında  Vətəni, şəhidləri vəsf edən  şerlər səsləndi və musiqi ifa olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü