27 iyul 2022 18:52
1069

Nazir təhsil müddətinin artırılmasını təklif edir: "Oxumaqdan bu günə kimi kiməsə ziyan gəlməyib"

Görüləcək işlər, qarşıya qoyulan hədəflər: Təhsil naziri media üçün brifinq keçirib

İyulun 27-də Bakı şəhərindəki 6 nömrəli məktəb-liseydə təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqi keçirilib. 

Brifinqdə Strategiyanın təhsil istiqamətlərinə toxunan Emin Əmrullayev bu çərçivədə görüləcək işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb. Nazir bildirib ki, Strategiyaya əsasən, 2022-2026-cı illər ərzində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək, dövrün sonunadək 4 əlavə ikili diplom proqramının icrasına başlanılacaq.

Elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılacağını, elmi tədqiqatların artırılacağını və qlobal elmi məkana inteqrasiya olunacağını vurğulayan Emin Əmrullayev, həmçinin iki ali təhsil müəssisəsinin elmi-tədqiqat universitetinə çevriləcəyini də deyib.

Daha sonra nazir Strategiya çərçivəsində yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyətinin artırılacağını, “SABAH” qruplarında təhsil alan tələbələrin sayının 15 min nəfərə çatdırılacağını da qeyd edib.

Təhsil naziri onu da əlavə edib ki,  STEAM (Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatdan (Mathematics) ibarət olan və fənlər arasında keçidi təmin edən  model)  əsaslı yeni təhsil proqramlarının milli proqrama inteqrasiya olunması məqsədilə ümumi təhsildə səriştə əsaslı təhsil proqramlarının hazırlanması və tətbiqi nəzərdə tutulur. Həmçinin məzmun islahatlarının əsas istiqaməti kimi 2022‒2026-cı illərdə STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Dövrün sonuna qədər 10 min sinfin, 280 min nəfər şagirdin STEAM əsaslı tədrisə cəlb edilməsi planlaşdırılır.

Nazir, həmçinin bütün təhsil pillələri üzrə informasiya sistemlərinin və elektron xidmətlərin təkmilləşdiriləcəyi, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının artırılacağı, məktəblilərimizin beynəlxalq olimpiadalarda qazandıqları uğur və digər bu kimi məsələlər barədə də geniş məlumat verib.

Nazirin sözlərinə görə, peşə təhsilinə qəbul olan tələbələrin sayının əlavə 11 min nəfər artırılması nəzərdə tutulub: “Yüksək peşə təhsili olan tələbələrin sayının isə 10 minə çatdırılması planlaşdırılır. 15 min nəfərin qısamüddətli ixtisasartımına cəlb olunması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, maddi-texniki bazası yenilənən məktəblərin sayının 2026-cı ilə kimi 86 %-ə çatması hədəflənib.

Brifinqdə nazir 2022-2026-cı illər üçün Dövlət Proqramına müraciət edənlərin sayı, müəllimlərin işə qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyəti maraqlandıran məqamlara da aydınlıq gətirib.

Emin Əmrullayev vurğulayıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 mindən artıq namizəd iştirak edib: “Bu il ilk dəfə olaraq 5 mindən artıq namizədi eyni anda imtahan edə biliblər. Builki imtahanlarımız əvvəlki illərlə müqayisədə həm təşkilatçılıq, həm də nəticələr baxımından bizi qane edir. Sadəcə riyaziyyat fənni üzrə sual müəlliflərindən biri bizə verdiyi sualları ictimaiyyətə təqdim edib. Onunla bağlanmış müqavilə çərçivəsində müvafiq iş aparılıb. Bəzən deyirlər ki, imtahan çətindir. Bu, düzdür. Lakin məqsəd də ən yaxşıları seçməkdir. İnanıram ki, müsabiqədən keçən namizədlər öz sahələrinə həqiqətən də bələddirlər".

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti barədə danışan Emin Əmrullayev bildirib ki, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminat aləti deyil, eyni zamanda, onların işinin rəğbətləndirilməsidir. 

Nazirin sözlərinə görə, ilin sonuna 137 min təhsilverənin sertifikasiyası və 68 min heyət differensial əməkhaqqı sisteminə cəlb olunacaq.

Nazir diqqətə çatdırıb ki, bu il 10 minə yaxın tələbə təhsil tələbə kreditlərindən yararlanacaq: “Ötən il pandemiya ilə əlaqədar olaraq təhsil tələbə kreditləri ilin yarısından verildiyindən təxminən 3 min tələbəni əhatə etmişdi. 2026-cı ilin sonuna qədər isə daha 25 min tələbəyə təhsil tələbə kreditinin verilməsi nəzərdə tutulur.”

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun bu ildən elektron qaydada aparıldığını xatırladan Emin Əmrullayev  onu da deyib ki, ölkə üzrə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi qarşıda duran hədəflərdəndir: “Hazırda 1-5 yaşında olan azyaşlıların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50 %-ə çatdırılması planlaşdırılır. Dövrün sonuna 100 min uşağın bu təhsilə cəlbi nəzərdə tutulub.

Emin Əmrullayev vurğulayıb ki, xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib. Onlardan təxminən 240 nəfəri bakalavr, 433 nəfəri isə magistrdır. Bilirik ki, bu il üçün 400 nəfər xaricdə təhsil almaq üçün göndəriləcək. Hesab edirik ki, növbəti illərdə bu say artacaq. Bizim maksimum 80 nəfərə bakalavr, minimum 120 nəfərə magistratura üzrə təqaüdlərimiz var. Bizim üstünlük verdiyimiz ixtisaslar var. Həmin ixtisaslar üzrə yer alan tələbələrə təqaüd veriləcək. Proqramın mahiyyəti Azərbaycanın gələcəyi üçün hansı ixtisaslar önəmlidirsə, bu iş üzrə maliyyələşdirmə olsun. Növbəti 2-3 həftə ərzində bütün prosedurlar bitəcək.

Nazir diqqətə çatdırıb ki, təhsilin keyfiyyətinə təsir edən əsas amil təhsil günlərinin sayıdır. Bir sıra ölkələrdə təhsil həftələrinin sayı təxminən 42-44 həftədir, Azərbaycanda isə bu müddət 36 həftədir:  “Təhsil müddətinin artırılması yaxşı olardı. Təhsil işçisi olaraq hesab edirəm ki, bu müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Oxumaqdan bu günə kimi kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi yaxşı olar”

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib. “Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”.

Sonda təhsil naziri media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Yaqut Ağaşahqızı, “İki sahil”