28 iyul 2022 19:53
812

Kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir

Ölkəmizdə həyata keçirilən dövlət proqramları və məqsədyönlü islahatlar sayəsində bu gün Azərbaycanın inkişaf tempi davamlı olaraq artmaqdadır. Dünyanın yeni düzəninin formalaşdığı bir dövrdə bir çox ölkələrin iqtisadi kiçilməyə məruz qalması fonunda ölkəmizdə Ümumi Daxili Məhsulun artması vaxtında atılan düzgün addımların və həyata keçirilən uğurlu islahatların nəticələridir. Ölkə Prezidentinin cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi rəqəmlərə nəzər salsaq,  iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artım müşahidə olunub. Bununla yanaşı,  xarici ticarətimiz təxminən 70 faizdən, ixracımız 2 dəfədən, qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil edib. Bütün bunlar müasir dünyanın keşməkeşində olduqca vacib nailiyyətlərdir və həm də onun sübutudur ki, Azərbaycan höküməti qlobal çağırışlara vaxtlı-vaxtında reaksiya verərək düzgün addımları atmağa qadirdir.

Eyni zamanda onu da vurğulamaq istərdim ki, Azərbaycanın 2022-ci ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qlobal çağırışlar konteksində yeni strategiyasının təsdiq olunması ölkəmizdə yeni mərhələdə yeni iqtisadi modelin tətbiqinə imkan verəcək. Bu model artıq dərinləşmiş və yeni islahatlar anlamına gəlir. İslahatların dərinləşməsi həmçinin qlobal arenada baş verən neqativ dəyişikliklərin təsirlərinin minimallaşdırması baxımından da vacibdir. İslahatlar müxtəlif sektorlarda vətəndaşların, biznesin bütövlükdə cəmiyyətin müdafiəsinə hesablanmaqdadır. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları da məhz bu islahatların uğurlu nəticələrindən xəbər verir. 2022-ci il üçün dünya iqtisadiyyatı ilə bağlı proqnoz 4.1 faiz olaraq hesablanmasına baxmayaraq, baş verən neqativləşmə fonunda bu rəqəmə  düzəliş edilərək 2.9 faizə endirilmişdir. Lakin, Azərbaycan iqtisadiyyatı proqnozdan çox artıma nail ola bildi. Bu artımda həmçinin kölgə iqtisadiyyatının ləğv olunması, idarəçilikdə düzgün kadr islahatlarının aparılması kimi amillər də öz təsirini göstərir. Xüsusilə, kadr islahatları mövzusuna toxunmaq istərdim.

Çünki, aydındır ki, institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə kompleks islahatlardan və onların səmərəli nəticəsindən danışmaq mümkün olmur. Ötən gün ölkə başçımız cənab İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında həyata keçirilən islahatlara toxunmuş, yeni təyin olunan RİH başçılarına heç kimin qanundan üstün olmadığını xatırlatmış və korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizədə icra başçılarının nümunə olmalı olduğunu vurğulamışdır. Ölkə başçısı qeyd etmişdir ki, “Son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir”. Cənab Prezidentin ortaya qoymuş olduğu mövqe uzun illərdir Azərbaycanı inkişaf etdirən, müasirləşdirən və xalqın rifah halının yüksəlməsinə yönələn mövqenin İfadəsidir. Sözügedən görüşdə cənab Prezidentimiz onu da bildirmişdir ki, ölkəmizdə ədalət prinsipi əsas tutularaq fəaliyyət göstərilməkdə və çoxşaxəli islahatlar aparılmaqdadır. Beləliklə, dövlət məmurlarının şəffaflıq və islahatlara uyğunlaşa bilməsi, bu uyğunlaşmada özünü görməsi, vətəndaşa şəffaf şəkildə xidmət edə bilməsi və digər bu kimi keyfiyyət və bacarıqlar Dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsində mühüm rol oynayır.

Sadalanan bütün bunların hamısı digər sahələrdə olduğu kimi dövlət idarəetmə mexanizmində də islahatların sürətlə getməsinin vacib amilidir. Bunu isə Cənab Prezident təyin etdiyi bütün təyinatlarda vermiş olduğu tələblər, tövsiyələr və tapşırıqlarla ortaya qoymaqdadır. Dövlət idarəetmə sisteminin təkmilləşməsi vətəndaşa xidmət sahəsinin də yüksəlməsinə gətirib çıxaran amildir. Ölkə başçımızın söylədiyi kimi, biz millətimizə xidmət etməliyik, öz addımlarımızla nümunə olmalıyıq.

Təranə İskəndərova,

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri