İyulun 28-də YAP Tərtər rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə fəal YAP üzvləri və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Tərtər rayonunun Köçərli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri düzülüb, xatirəsini ehtiramla yad ediblər.
“İki sahil” xəbər verir ki, ziyarətçilər şəhidin yaşadığı Köçərli kəndində ailəsini ziyarət etdilər.
Şəhidin valideyinləri ilə görüşdə YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışaraq, şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini qeyd etmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!