Şirvan şəhərində şəhid anaları ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun şəhid anaları ilə keçirdiyi görüşə Salyan rayonundan gələn bir qrup şəhid anaları da qatılıb.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə gül cələngləri və tər qərənfillər qoyulub, şəhidlərin ruhuna dualar edilib.
Sonra keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və şəhid analarını salamlayıb. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı belə qəhrəman övladlar yetişdirən şəhid analarına təşəkkürünü və minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, sıldırım qayaları keçərək Şuşanı azad etmələrindən, dövlət başçısının dünyanın ən nüfuzlu 30-dan artıq televiziya kanallarına verdiyi müsahibələrdən, qərəzli mövqe ilə fərqlənən dövlət başçıları və beynəlxalq qurumları susdurmasından, hazırda işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərindən, yol və digər infrastruktur layihələrin uğurla həyata keçirilməsindən, dünyada analoqu olmayan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilan rayonun Ağalı kəndinin yenidən qurulmasından, kəndə köçürülən sakinlərin yaşadıqları sevinc və qürur hissindən bəhs edib. İşğaldan azad edilmiş digər ərazilərin də tezliklə yenidən qurulacağına və sakinlərinin doğma yurd-yuvalarına qayıdacaqlarına inamını ifadə edib. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdiyini bildirib.
Tədbirdə Milli Məclisin deputaı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəhməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək həyata keçirilən dövlət siyasətinin mühüm məqamlarından, əldə olunan uğurlardan, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan danışıb, şəhid analarına belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Şirvan şəhərindən və Salyan rayonundan olan şəhid ailələrinin nümayəndələri çıxış edərək şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Sonda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar edilib.