29 iyul 2022 11:01
1281

Deputat Ramil Həsən seçiciləri qəbul edib - FOTO

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonunda seçiciləri qəbul edib.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Eyni zamanda, Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra Milli Məclisin deputatı Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub. Görüşdə iştirak edən Ucar rayon seçicilərinin hər birinin istəkləri, o cümlədən qazilərimizin və şəhid ailələrinin qaldırmış olduqları məsələlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub.

Qaldırılan problemlər içərisində ən çox əlilliklə bağlı imtina verilən pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, müalicə, işə bərpa, su-kanalizasiya problemləri və maddi yardımla bağlı məsələlər olub. Vətəndaşlar Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.

Qəbuldan sonra millət vəkili Ramil Həsən Ucar Rayon Gənclər və İdman İdarəsi  və Ucar Gənclər Evi tərəfindən Ucar Gənclər Evində təşkil olunan “Biz vətənin sabahıyıq” adlı yeniyetmələr üçün günərzi düşərgədə olub və onlarla xatirə şəkili çəkdirib. Yeniyetmələrlə görüş zamanı Ucar Şəhidlərinə həsr edilmiş "İşıqlı gələcəyə iz qoyanlar" jurnalı müəllif Tural Əzizli tərəfindən millət vəkilinə təqdim edilib.