Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatını birgə təşkilatçılığı ilə şəhər təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr edilən dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, dəyirmi masada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçının birinci müavini Səməd Tomuyev və aparatın əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, partiyanın veteran üzvləri və fəalları iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra isə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, ən monolit siyasi təşkilat olduğunundan söhbət açıb. Niyazi Bayramov ictimai nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiyanın mövcud olmadığından, Ümummilli Liderin dövlətimizin qorunub saxlanılması və daha da qüdrətlənməsi istiqamətində gördüyü işlərdən, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətindən geniş bəhs edib.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, şəhər təşkilatının hər zaman öz işində partiyanın Proqram və Nizamnaməsinin tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirməsindən, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etdiyini dilə gətirib. Bildirib ki, 29 il ərzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.
Hazırda YAP Gəncə şəhər təşkilatı 191 ərazi ilk partiya təşkilatında 44 191 nəfər partiya üzvünü birləşdirir. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir – deyə qeyd edən Ramil Orucov onu da xüsusi ilə vurğulayıb ki, son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var və şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.
Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev çıxış edərək, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın möhtəşəm uğurları barədə ətraflı məlumat verib, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.
Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təşkilatın bir qrup əməkdaşı və fəalları Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamələr ilə təltif olunublar.