Dağlar diyarı Lerikə yeni icra başçısı təyin olunmuş Əkbər Abbasovun rayonda ilk getdiyi kənd Kəlvəz oldu. O, burada Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyevin iştirakı ilə fermerlərlə kartof toxumçuluğunun təşkili mövzusunda səyyar görüş keçirtdi. Görüşdə Əkbər Abbasov çıxış edərək son illərdə respublikamızın, eləcə də rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, vətəndaşların sosial rifah halının yüksəlməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə ətraflı danışdı. Daha sonra görüşdə iştirak edən kənd sakinlərini ayrı-ayrılıqda dinlədi və onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlarını verdi, onların icrasını nəzarətə götürdü.
Görüşdə iştirak edən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Elmar Allahverdiyevin dağlar diyarında yerli qədim kartof sortları əkini ilə məşğul olan kənd sakinləri arasında olan söhbəti daha maraqlı alındı. Sonra o, bir-neçə fermerin kartof sahəsində müşahidə apardı, onlara bəzi məsləhətlər verdi. Həm də genefond üçün qədim yerli kartof sortundan nümunələri götürüldü. Məqsəd isə bu sortlar üzərində yenidən tədqiqatlar aparıb onların milli genefondunu qoruyub saxlamaqla, fermerlərə bu sortları yenidən təqdim etməkdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü