TƏBİB-in infeksion nəzarətin təşkili şöbəsinin əməkdaşı "İki sahil”in suallarını cavalandırıb
İki ildən çoxdur ki, pandemiya ilə qlobal səviyyədə mübarizə aparılır. Buna rəğmən, COVID-19 infeksiyanın qarşısını tamamilə almaq mümkün olmayıb. Koronavirus hələ də bəşəriyyəti ciddi şəkildə təhdid edən problem olaraq qalır. Koronavirus pandemiyasının bir müddət səngiməsi, virusa yoluxma hallarının kəskin azalması, ölüm faktının olmaması, eyni zamanda, karantin qadağalarındakı yumşalmalar problemin tezliklə sona çatacağı ümidlərini yaratsa da, hazırda bunun əksi müşahidə olunur. Son həftələrdə dünyada virusa yoluxma halları artaraq 579 milyonu ötüb.
“İki sahil” mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün TƏBİB publik hüquqi şəxsin İnfeksion nəzarətin təşkili şöbəsinin əməkdaşı Turan İbrahimova ilə həmsöhbət oldu:
-Turan xanım, son zamanlar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarının artmasının şahidi oluruq. Yoluxma sayındakı artım, hətta ölüm hallarının yenidən qeydə alınması narahatlıq yaradır. Mövcud dinamikanı necə şərh edərdiniz?
-Son zamanlar bir çox ölkələrdə, eləcə də Azərbaycanda COVID-19-a yoluxma hallarında artım müşahidə olunur. Lakin xəstəliyin virus mənşəli xəstəlik olduğunu nəzərə alsaq, yoluxmada belə dalğalanmaları təbii olaraq qəbul etməliyik. Hazırda ölkədə yoluxma sayında artım müşahidə olunsa da, stasionar müalicə tələb edən xəstə sayında artım o dərəcədə müşahidə olunmur. Epidemioloji vəziyyət nəzarət altındadır. Çarpayı fondumuz kifayət qədərdir.
Xəstəlik bizlərə yad bir xəstəlik deyil artıq. Biz, bu xəstəliklə “necə davranmaq lazımdır”, “ondan qorunmaq yolları nədir”, “xəstəliyin diaqnostikası necə aparılır”, “müalicəsi necədir” suallarının cavabını artıq bilirik. Buna görə də daha da ciddi olmalı, qaydalara daha məsuliyyətli riayət etməliyik. Hər dəfə vurğuladığımız məsələlər var ki, hansı ki, bizi bu xəstəliyə yoluxmaqdan qoruya bilər. Bunlar fiziki məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına əməl olunmasıdır. Və təbii ki, vaksinasiya prosesi. Bu tədbirlər çərçivəsində xəstəliyə yoluxmadan qoruna bilərik.
- Pandemiya payız-qış mövsümündə daha da fəallaşa bilərmi? Virusun yeni dalğaları gözlənilirmi?
-Bunu əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Bəli, bugünümüz üçün yoluxma sayında artım müşahidə olunur. Lakin payız və qış aylarında epidemioloji vəziyyət necə olacaq, bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Amma, müxtəlif faktorlar var ki, yoluxma sayına təsir edə bilər. Yay fəslində açıq havada daha çox vaxt keçiririk. Payız-qış mövsümündə isə qapalı məkanlarda daha çox olduğumuza görə yoluxma riski arta bilər. Biz indidən bu məqamlara diqqət etsək, zəruri qaydalara riayət etsək təbii ki, yoluxma dinamikasında qeydə alınan artımın qarşısını ala bilərik.
-Koronavirusun “Omicron” ştammının əlamətləri hansılardır? Əvvəlki variantlarla müqayisədə ölüm riski nə qədərdir?
-Viruslarda mutasiyalar çox müşahidə olunur. SARS-CoV-2 virusu başlayanda da mütəxəssislər bildirirdilər ki, çox vaxt viruslar mutasiyaya uğrayaraq zəifləyirlər. Başqa cür desək, aqressivliklərini itirirlər. Bəli, SARS-CoV-2 virusunda da belə oldu. Çünki ilk başlayan mutasiyalarda hansı ki, “Delta” virusunu misal gətirə bilərəm. O dövrdə biz xəstəxanalara yatış sayında artımı müşahidə edirdik. Stasionar müalicəyə daha çox ehtiyac var idi. Lakin “Omicron” ştammının digər ştamlardan fərqi o oldu ki, xəstəxanaya yatış sayında o qədər də artım müşahidə olunmadı. İnsanlar ev şəraitində ambulator olaraq xəstəliyi keçirib, sağala bilirdilər. Burada xüsusi olaraq vaksinasiya prosesini yenə vurğulamaq istəyirəm ki, artıq əhalimizin çox hissəsi peyvəndlənmə prosesinə cəlb olunmuşdu. Bu da stasionar müalicəyə ehtiyacın azalmasına səbəb oldu.
Dördüncü doza vaksini vurdurmalıyıqmı?
-COVID-19 adlı bəşəri bəlaya qalib gəlməyin ən effektiv üsulu hələ də peyvənd hesab edilir. Bəs, vaksinlər yeni ştamlarla mübarizədə nə dərəcədə effektivdir?
-İndiyə kimi, epidemiyalar və pandemiyalarla mübarizədə ən effektiv qorunma yolları vaksinasiyadır. Çünki virus xəstəliklərindən vaksin vasitəsilə qoruna bilərik. Şükürlər olsun ki, COVID-19-a qarşı vaksin kəşf olunub. Artıq demək olar ki, əhalimizin çox hissəsi “buster” doza dediyimiz qüvvətləndirici dozanı qəbul edib. Həqiqətən də biz peyvəndlənmə prosesinin yaxşı nəticələrini gördük. Xəstəxanaya yatış sayında, stasionar müalicəyə ehtiyac vəziyyətlərində ciddi azalmalar oldu. Düzdür, ambulator olaraq insanlar evdə müalicə olunub sağalsalar da, yenə də əhalini diqqətli olmağa çağırırıq. Çünki risk qruplarımız var ki, məsələn 65 yaş üzəri şəxslər, xroniki xəstəliyi olan insanlar, onkoloji xəstəliklə mübarizə aparanlar, immunospressiv vəziyyətlər, yəni immun sisteminin zəifləməsi halları müşahidə olunanlar virusa yoluxduqda xəstəliyi daha ağır keçirə bilərlər. Buna görə də təkcə özümüzü deyil, ətrafımızdakı insanları da düşünməliyik. Özümüzü qorumaqla ətrafımızı da qorumuş olarıq.
Qeyd edim ki, hazırda dünyanın bir çox ölkələrində səhiyyə təşkilatları tövsiyə edirlər ki , artıq əhali dördüncü doza vaksini vurdura bilər. Gedişat necə olacaq, həqiqətən peyvəndin dördüncü dozasını qəbul etməyə ehtiyac yaranacaqmı, bütün bunları öncədən demək qeyri-mümkündür. Hazırda ölkəmizdə iki doza vaksin qəbul etmiş vətəndaşlarımıza 6 aydan sonra qüvvətləndirici doza olaraq üçüncü doza vaksin vurdurmaları tövsiyə olunur. Virus nəticələri pozitiv olan şəxslər həmin gündən 6 ay sonra qüvvətləndirici doza COVID-19 peyvəndlərini almalıdırlar.
Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb
-Son zamanlar dünya ölkələrində meymunçiçəyi virusu yayılmağa başlayıb. Bəs, meymunçiçəyi ilə bağlı ölkəmizdə vəziyyət necədir?
-Meymunçiçəyi xəstəliyinin bir sıra ölkədə yayıldığı müşahidə olunur. Hələlik Azərbaycanda meymunçiçəyi ilə bağlı yoluxma faktı qeydə alınmayıb. Epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur. Qonşu ölkələrdəki yoluxma haqqında deyə bilərəm ki, orada yayılmadan söhbət getmir. Məsələn, qonşu ölkədə bir nəfərdə xəstəlik müşahidə olunmuşdu. Ətrafındakıların virusa yoluxduqları təsdiqlənəndə artıq izolyasiyaya alınmış vəziyyətdə idilər. Meymunçiçəyi də viral, yəni virus mənşəli xəstəlikdir. Digər virus xəstəliklərindən qorunmaq yollarına riayət etdiyimiz kimi, meymunçiçəyindən də qorunma yollarına əməl etməklə bu virusa yoluxmaqdan özümüzü qoruya bilərik.
-Mütəxəssis olaraq, əhaliyə mövcud durumla bağlı nə tövsiyə edərdiniz?
-Bir mütəxəssis olaraq insanları virusla mübarizə qaydalarına daha da ciddi əməl etməlidirlər. Əsas qorunma yolu COVID-19 –da respirator gigiyena dediyimiz tibbi maskadan istifadə olunması, şəxsi gigiyena qaydalarına riayət olunması və fiziki məsafəni gözləməklə biz bu xəstəlikdən qoruna bilərik. Hələ xəstəlik təzə başlayanda insanlar təbii olaraq bu virusdan qorxurdular. Ama sonradamn virusla mübarizə qaydalarına riayət etməklə xəstəliyə yoluxmaqdan qorunduqlarının şahidi oldular. Artıq COVID-19-la davranma qaydalarını bilirik ki, necə özümüzü qoruya bilərik.
Hazırkı dinamikadan da göründüyü kimi “pandemiya bitdi” demək, bu haqda düşünmək üçün hələ tezdir. Ona görə də hər birimiz özümüzü və ailəmizi virusdan qorumaq üçün mütəxəssislərin tövsiyələrinə əməl etməli, mübarizə tədbirlərini davam etdirməliyik. Ehtiyatı əldən verməyək ki, hər zaman sağlam olaq.
Yaqut Ağaşahqızı, “İki sahil”