29 iyul 2022 19:26
1068

Rusiyanın və dünyanın nüfuzlu ali məktəblərindən biri azərbaycanlı alimi medalla təltif edib FOTO

Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Elmi Şurasının qərarı ilə Bakı Slavyan Universitetinin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Yaşar Alxasov Yekaterina Motina adına medalla təltif edilmişdir.

“İki sahil” xəbər verir ki,  Rusiya və dünyanın nüfuzlu ali məktəblərindən birinin bu mükafatı universitet müəlliminə Rusiya Federasiyasının sabiq təhsil naziri (1998-2004), hazırda Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Filippovun təqdimatı əsasında rus dilinin tədrisi metodikasının inkişafına verdiyi böyük töhfəyə və rus dilinin xaricdə yayılması sahəsində çoxillik səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, rus filologiyasına dair beynəlxalq elmi forumların fəal iştirakçısı kimi Yaşar Alxasov 200-dən artıq çap olunmuş elmi əsərin müəllifidir. Onların arasında "21-ci əsr rus dilinin yeni sözlər və mənalar lüğəti" (çinli həmkarları ilə həmmüəllifliklə) (Pekin, 2002), "Azərbaycanca-rusca ərəb mənşəli eyniköklü sözlər lüğəti" (Bakı, 2011), "Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası" (Bakı, 2015), "Mühasibat uçotu və audit. Terminoloji lüğət: ukraynaca-rusca-ingiliscə-azərbaycanca" (Ukrayna Təhsil və Elm Nazirliyinin qrifi ilə) (Kiyev, 2015) və s.vardır.

Yaşar Alxasov ölkədə uğurla tətbiq edilən rus dili kurikulumunun, rus dili üzrə dövlət təhsil standartlarının, eləcə də rus dili üzrə ali məktəb proqram və dərsliklərin müəlliflərindən biridir.