Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şirvan şəhərində də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, onların qaldırdıqları məsələlər, vaxtında araşdırılır və həlli istiqamətində zəruri tədbirlər görülür.
Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi qrafikə uyğun olaraq İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinə də xüsusi önəm verilir. 2022-ci ilin iyul ayında şəhər ərazisində İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşlarla 4 səyyar qəbul-görüş keçirilib. Şəhərin 20, 21 nömrəli tam orta məktəblərində, Şirvan Mədəniyyət Mərkəzində və Hacıqəhrəmanlı qəsəbəsində keçirilən səyyar qəbul-görüşlərdə ümumilikdə 264 vətəndaş iştirak edib, vətəndaşlar tərəfindən müxtəlif təklif və problem qaldırılıb. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Milli Məclisin deputatı İltizam Yusifovun, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak etdiyi hər bir səyyar qəbul-görüşdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə keçirdiyi bütün səyyar qəbul-görüşlərdə Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatlarından, ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb. Pandemiyaya və 44 günlük Vətən müharbəsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində heç bir sosial layihənin dayandırılmadığı, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının uğurla icra edilməsi barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyi, abadlıq-quruculuq işlərinin aparıldığı, şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində ordumuzun və xalqımızın möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən , Ali Baş Komandan kimi orduya uğurlu rəhbərliyindən, dünyanın 30-dan artıq ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrlə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən dövlət başçılarını və beynəlxalq qurumların rəhbərlərini susdurduğundan, Azərbaycanın haqq sözünü, ədalətli mövqeyini dünyaya çatdıran dövlət başçısının və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin asfaltlandırıldığını, işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, Şirvan Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin yaradıldığını, şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda I və II Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin fotoşəkillərinin və barələrində məlumatların mütəmadi təbliğ edildiyini qeyd edib. Hər ayın sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət olunduğunu, “Şəhid Anası” memorial abidə kompleksi önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində paytaxdan kənarda ilk dəfə olaraq Şirvan şəhərində iki nümunəvi məhəllənin salındığını, M.Füzuli adına Mədəniyyət və İstirahət parkının əsaslı təmir edildiyini, parkda “Zəfər” və “Qarabağ” xiyabanının salındığını, Qarabağ döyüşlərində qəhrəmanlıq nümunələri göstərən əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsinin ucaldıldığını qeyd edib. Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının davam etdirildiyini bildirib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər keçirilən səyyar qəbul-görüşlərdən razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək