44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Abbasov Neymət Elçin oğlunun 26-cı doğum günü qeyd olunub.
“İki sahil” xəbər verir ki, millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və kənd sakinləri Qaradeyin kənd qəbristanlığında Neymət Abbasovun məzarını ziyarət etmiş, burada Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuşdur. Eyni zamanda şəhidin böyüyüb başa çatdığı evdə olunmuş, ailə üzvləri ilə görüşülmüş, onlara başsağlığı vermiş, şəhidin keçdiyi döyüş yolu barədə söhbət açılmışdır.
Abbasov Nemət Elçin oğlu 4 avqust 1996-cı ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yollanan Neymət Abbasov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, oktyabrın 27-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Millət vəkili eyni zamanda Vətən müharibəsi qazisi Səfərəliyev Murad Nofəl oğlunun toy mərasimində iştirak etmiş, yeni ailə quran gənclərə xoş arzularını bildirmişdir.