16 avqust 2022 02:49
711

Vətən müharibəsi şəhidi Samir Bayramovun doğum günündə xatirəsi anılıb FOTO

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Göygöl və Kəlbəcər rayonlarının hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri əslən Kəlbəcər rayonundan olan Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Samir Bayramovun doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişlər.

“İki sahil” xəbər verir ki,  ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vətən övladlarının qəhrəmanlıqları hesabına torpaqlarımızın azad olunduğunu vurğulayaraq, Şəhid Samir Bayramovun  döyüş yolundan söhbət açmış,   xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin  gələcək nəsillərə örnək olduğunu,  hər bir insan tərəfindən ehtiramla anıldığını,  şəhid ailələrinin ən yüksək diqqətə layiq olmaqla, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, bütün Azərbaycan xalqının şəhidlərimizlə qürur duyduğunu diqqətə çatdırmışdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək, Kəlbəcər rayonundan olan şəhidlərin xatirələrini əziz tutaraq ehtiramla yad etdikləri üçün Göygöl rayon İcra Hakimiyyətinin başçısına və rayon ictimaiyyətinə minnətdarlıq ifadə etmişdir. Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş  şeirlər səsləndirilmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur.

Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailə üzvünə təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.