Sentyabırın 1-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, rayon təşkilatının əməkdaşı Valeh Nəsirov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, Şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, digər şəhid ailələri, YAP rayon təşkilatının əməkdaşları, din xadimləri, təhsil işçiləri, kənd sakinləri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Abışov Elnur Şaiq oğlunun və Məmmədov Əli Əvəz oğlunun doğum günləri ilə əlaqədar şəhidlərin rayonunun Qarasu və Şahsevən kəndlərində yerləşən məzarlarını ziyarət edərək, qəbrləri üzərinə gül dəstələri düzmüş və xatirələrini ehtiramla yad etmişlər. Eyni zamanda şəhid Abışov Elnur Şaiq oğlu və şəhid Məmmədov Əli Əvəz oğlu ilə eyni məzarlıqda uyuyan şəhidlərin məzarları ziyarət olunmuş, məzarları önünə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuşdur. Şəhid Elnur Abışovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər Şəhid Abışov Elnur Şaiq oğlunun və Şəhid Məmmədov Əli Əvəz oğlunun keçdikləri şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açmışlar.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.
Şəhidlərimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Şəhid Məmmədov Əli Əvəz oğlu 01 sentyabr 1998-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əli Məmmədov "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhid Abışov Elnur Şaiq oğlu 01 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elnur Abışov “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu Vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!