Xalq tətbiqi sənətin inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkili həmişə Masallıda diqqət mərkəzində saxlanılır. Rayonda bu istiqamətdə tez-tez maraqlı tədbirlər təşkil edilir. Növbəti səyyar tədbir isə “Naxış - naxış gözəlliklər” başlığı altında təşkil olunmuşdu. Onun təşkilatçıları Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi idi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva tədbir iştirakçılarına misgərlik və xalçaçılıq sənətinin tarixindən danışdı. Sonra onlar Masallı şəhər sakini xalçaçı sənətkar Tünzalə Abuzərovanın ev emalatxanasında oldular. Sənətkar xalqımızın qədim sənət nümunələrdən biri olan xalça sənətindən, bu işin icra prosesinin maraqlı tərəflərdən gənclərə əyani olaraq məlumat verdi. Gənclər xalça sənətinin valehedici iş prosesi ilə tanış olduqdan sonra dəzgah arxasında özlərini sınadılar.
Gənclər misgər Taleh Ağayevin emalatxanasına da baş çəkdilər, burada sənətkarın mis qabları necə qalay etdiyini, eyni zamanda mis qab üzərində döymə üsulu ilə vurduğu zərif naxışların işlənməsi prosesini canlı müşahidə etdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü