04 sentyabr 2022 11:48
544

Lerikdə şəhid Milli Qəhrəmanın xatirəsi anılıb

Birinci Qarabağ müharibəsində Vətən torpaqları uğrunda qəhrəmancasına  vuruşan oğullardan biri də Valeh Əlizaid oğlu Müslümov olmuşdur. O,  1968-ci ildə Lerik rayonunda dünyaya göz açmışdır. 1991-ci ilin avqust ayında  Daxili İşlər Nazirliyin Xüsusi Təyinatlı Milis Dəstəsində döyüş əməliyyatlarına başlayır.  Çox döyüşlərdə iştirak  edir.14 aprel 1992-ci ildə Marquşevan kəndi uğrunda şiddətli müharibədə hünər göstərir. Düşmənə vurduğu  sarsıdıcı zərbələr çiyin-çiyinə  döyüşdüyü silahdaşlarını   irəliyə aparır. Nəticədə dığaların neçə-neçə  texnikası, canlı qüvvəsi məhv edilir. Valeh həm vuruşur, həm də məqam tapıb yaralı əsgərləri müharibə meydanından çıxarır. Göstərdiyi hünər 10 nəfər igidə ikinci həyat verir. Öz yaralansa da, son nəfəsədək döyüşərək gözlərini əbədi yumur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə  Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb onun adını daşıyır.

Lerik şəhərində şəhid Milli Qəhrəmanın 54 yaşının tamamında  xatirəsi anıldı. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri  şəhidin məzarını, eləcə  Lerik şəhərində  əziz  xatirəsinə ucaldılmış büstünü ziyarət edərək, üzərinə güllər düzdü. Sonra rayon icra hakimiyyəti başçısı  Milli Qəhrəmanın valideynləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü