Doğma Azərbaycanın şərəfini uca tutub onu qanı bahasına yaşadan qəhrəmanlardan biri də şəhid Nahid Fikrət oğlu Səfərovdur. 2016-ci ildə, yanvarın 29-u Azərbaycan-Ermənistan təmas xəttində erməni dığaların atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olur. Lənkəranın Vilvan kəndində dünyaya göz açan bu Vətən sevdalının adı şirin dillərdən düşmür. İllər keçdikdə Nahid insanların gözündə haqqın, ədalətin qurduğu zirvəyə dönür. Həm də doğma kəndində onun xatirəsinə bulaq inşa olunub. Bulağın açılış mərasimi Dövlət Himninin səslənməsi və Vətən yolunda canlarını fəda edən igidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı. Xatirə bulağının açılış lentini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin anası Gülbəniz Səfərova ilə birgə kəsib və çıxış etdi:- Dövlətin ərazi bütövlüyü, suveren hüquqlarının bərpası, müqəddəs Vətən torpaqların azadlığı və müstəqilliyimiz uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi bizim üçün əzizdir və onların adlarının yaşatması mənəvi borcumuzdur. Doğma Azərbaycanın çətin günlərində ölümün gözünə dik baxaraq çəkinmədən canlarını fəda edən şəhidlər Vətən sevgisinin ən kamil formasını yaşayan tarixi şəxsiyyətlərdir. Fəqət, tarixi sınaqlardan üzü ağ çıxmaq üçün mənəvi yükü çiyinlərinə alıb öncüllük etmək təkcə insanın alın yazısı deyil, eyni zamanda formalaşmış şəxsiyyətinin baş verənlərə adekvat reaksiyasıdır. 44 günlük haqq savaşımızda qazanılan zəfərdə xalqın bütün fərdlərinin öz payı var, ancaq əsas qalibiyyəti Ali Baş Komandanın rəhbərli ilə igid əsgər və zabitlər əldə etdilər. Tarix yazan bu şəxsiyyətlər heç vaxt unudulmaz. Onlar haqq uğrunda canlarını fəda etməklə həm də öncə eyni amal uğrunda şəhid olan Vətən övladlarının qisasını aldılar, övlad itirən valideynlərin təskinliyinə rəvac verdilər, xalqın bütövlüyünün və Vətən torpaqların bölünməzliyinin simvollarına çevirdilər. Bir ailənin üzvü deyil, milyonlarla insanın qəlbində özlərinə taxt əbədi qurdular. İşığına yığışdığımız Nahid Səfərov da belə.
Şəhid atası Fikrət Səfərov çıxış edərək bildirdi ki, “Zəfər Günü" övladımın qisası alındığı gündür. Övladım Vətən yolunda şəhid olandan sonra hər gün onun qisasının alınacağı günü gözləmişəm. Qazanılan zəfər bütün şəhid valideynlərinin ağrı və acısına məlhəm oldu. İndi də dövlətimiz şəhid ailələrini bir an belə unutmur. Bütün qayğımızla maraqlanır, ağrı-acımıza şərik olurlar. Bunlara görə cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox razıyıq.
Vilvan kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, şəhidlərə həsr olunan şerlər tədbirə özgə bir ovqat gətirdi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü