06 sentyabr 2022 18:08
693

“Naxçıvan” Universitetində “İnsan-Komputer Qarşılıqlı Əlaqəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Naxçıvan” Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyənin Orta Şərq Texniki Universiteti tərəfindən cari ilin 9-10 sentyabr tarixlərində “İnsan - Komputer Qarşılıqlı Əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransın keçirilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, 9 sentyabrda hibrid rejimdə açılışı gözlənilən konfransın plenar iclasında AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Ə. Abbasov, ODTÜ Kompüter Təhsili və Tədris Texnologiyaları kafedrasının müəllimi prof. K.Çağıltay, Electronic ARTS şirkətinin UX dizayneri A.Rəcəbov, Galatasaray Universitetinin Kommunikasiya fakültəsinin dekanı prof. K.Rizvanoğlunun maraqlı çıxışları olacaq. İki gün davam edəcək konfransda Naxçıvan, Bakı, Sumqayıt və Mingeçivirin müxtəlif ali məktəblərinin tədqiqatçıları da öz təqdimatları ilə çıxış edəcəklər.

Qeyd edək ki, “İnsan -Komputer Qarşılıqlı Əlaqəsi” mövzusunda keçirilən Beynəlxalq Şərq Konfransına Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tayland və İtaliyadan ümumilikdə 160 müəllifin 91 məqaləsi daxil olub ki, bunlardan konfransın elm komitəsi tərəfindən sadəcə 75 məqalə qəbul olunub.

Diqqətinizə çatdıraq ki, konfrans  2021-ci ilin dekabr ayından start götürmüş və 2022-ci ilin oktyabr ayında yekunlaşacaq “Naxçıvan” Universitetinin baş müəllimi Şamil Hümbətovun qalibi olduğu “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin yekunu kimi keçiriləcək. Yekun konfransda, həmçinin layihənin eksperti,  sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTU) professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə İnsan – Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatının keçirilməsi də planlaşdırılır.

Konfransın yekunlaşmasından sonra isə qonaqların Naxçıvan şəhərinə və ətraf rayonlara gəzintisi təşkil olunacaq.