09 sentyabr 2022 11:28
582

Satış da “ASAN”laşır… FOTO

“Ailə təsərrüfatları”nda yeni model tətbiq olunacaq

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və ölkəmizdə sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında Əməkdaşlığa dair Sazişin imzalanması mərasimi oldu.

Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin, “PMD Hospitality” MMC-nin İdarə Heyətinin sədri Samir Qurbanovun, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin və media nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə “ABAD”ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Daha sonra tədbiri giriş sözü ilə açan Ülvi Mehdiyev dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.

“PMD Hospitality”yə məxsus hotellər barədə videoçarx nümayiş etdirildikdən sonra çıxış edən MMC-nin İdarə Heyətinin sədri Samir Qurbanov rəhbərlik etdiyi qurumun idarəçiliyində olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə hazır olduqlarını, həmçinin şirkətin “ABAD”ın fərqli məhsullarının bu hotellərdə təqdimatına dəstək olacağını diqqətə çatdırdı.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun 6 illik fəaliyyəti barədə ətraflı məlumat verdi. O, iqtisadi rayonlar üzrə “ABAD”çıların sayının 534 nəfər olduğunu, onların indiyədək əldə etdikləri gəlirin 6.3 milyon, ümumi dövriyyənin isə 7.2 milyon manat olduğunu vurğuladı.

Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə etdilər.

Sonda “ABAD” publik hüquqi şəxs və “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Saziş imzalandı.

Sazişə əsasən, “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”ın qurumlarının formalaşdırılmasına dəstək göstəriləcək. “PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”ın məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə “ABAD” etno-butikləri fəaliyyət göstərəcək.

Cavid Əkbərov, “İki sahil”