10 sentyabr 2022-ci il tarixdə Prezident təqaüdçüsü Şirvan Rəşid oğlu Əbilovun 90 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Masallı rayonu Mahmudavar kəndində Şirvan Əbilovun eləcədə Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın məzarlarını ziyarət edib, məzarları üstünə gül dəstələri düzüblər.
Sonra tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.
Tədbiri giriş söz ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin, Prezident təqaüdçüsü Şirvan Əbilovun eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev
çıxış edərək Şirvan Əbilovun əmək və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Şirvan Əbilov 1932-ci ildə Masallının Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigah kəndində bitirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib.
Bildirilib ki, Ş.Əbilov 1990-cı illərin əvvəllərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevlə görüşməyi qərara alıb. Ulu Öndər Yeni Azərbaycan Partiyasının təsis konfransında cənub bölgəsindən gəlmiş Şirvan Əbilovun çıxışını bəyənərək onun partiyanın siyasi şurasına üzv yazılmasını təklif edib.
Şirvan Əbilov Masallıya qayıdaraq cənub bölgəsində, Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ərazi təşkilatını yaratmağa nail olub.
Seyfəddin Əliyev qeyd edib ki, cənab Prezident İlham Əliyev 2017-ci il avqustun 23-də Şirvan Əbilovu Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif edib. Şirvan Əbilov həmçinin 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov bildirib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, YAP Masallı rayon təşkilatının yaradıcısı, cənub bölgəsinin tanınmış ictimai xadimi, Prezident təqaüdçüsü Şirvan Əbilovun ömür yolu gənclərimiz üçün əsl örnəkdir.
Sonra tədbir iştirakçılarından Qardaş Fətullayev, Nailə Əsədullayeva, Rafiq Bağırov, Cəmaləddin Ağayev, Ədalət Nemətov, Əfrail Fərziyev, Ərəstun Əbilov və başqaları Şirvan Əbilovun respublikanın və Masallının ictimai-siyasi həyatındakı fəaliyyətindən, Vətənə, dövlətə, Ulu Öndərə, dövlətimizin başçısına sədaqətindən danışıblar.