17 sentyabr 2022 14:23
663

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

17  sentyabr    2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz  Cəbrayılov,  Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, YAP  rayon  təşkilatının əməkdaşları, şəhid ailələri, din xadimləri, ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri  Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına Şəhid olmuş Qəribov Pəhli Xaləddin oğlunun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanında şəhidin məzarını  ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və  xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü  qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun  gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Tədbirdə çıxış edənlər  Şəhid Qəribov Pəhli Xaləddin oğlunun  keçdiyi   şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən  söhbət açmışlar.

Daha sonra tədbir iştirakçıları  şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki,   Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmir rayonunda  dünyaya göz açmışdır. 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad edilməsi uğrunda gedən şiddətli  döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı  Pəhli Qəribov  qəhrəmancasına şəhid olmuşdur.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi,  şəxsi igidlik   və şücaət  nümayiş etdirdiyi  üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamları  ilə  Pəhli Qəribov  "Vətən uğrunda", “Cəsur döyüşçü”,  "Xocavəndin  azad olunmasına görə" , “ Füzulinin azad olunmasına gorə”  və "Şuşanın azad olunmasına görə"  medalları  ilə təltif edilmişdir.  

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu Vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!