Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil müəssisələrinin rəhbərliyi ilə layihə koordinartorları və İsveçdən olan tərəfdaş arasında məhsuldar görüşlər keçirilib
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində işgüzar toplantılar uğurla davam etdirilməkdədir. Belə ki, 16 sentyabr 2022-ci il tarixində Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil müəssisələrinin rəhbərliyi ilə layihə koordinartorları və İsveçdən olan tərəfdaş arasında məhsuldar görüşlər keçirilib.

Görüşlərdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova, layihənin İsveç tərəfdaşı Kral Texnologiya İnstitutunun (KHT) nümayəndəsi Viktor Kordas ali təhsil müəssisələrinin rəhbərlərinə layihə çərçivəsində görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Layihənin cari vəziyyəti, eləcə də qarşıda duran məsələlərlə tanış olan Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov görüşdə ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə güclü əlaqələrin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə Avropa təcrübəsinin mənimsənilməsi baxımından layihənin əhəmiyyətindən danışıb. Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov isə universitetdə keçirilən görüş zamanı layihənin ali təhsilin inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və beynəlmiləlləşməsi baxımından yüksək önəmindən söz açmışdır. Z.Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin də sözügedən layihədə yaxından işitrak etdiyini və bu istiqamətdə birgə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
Ali təhsil müəssisələrində keçirilən görüşlərin sonunda universitetlərin rəhbərliyi, layihə koordinatoru və Avropa tərəfdaşı arasında geniş fikir mübadilələri aparılıb və layihənin gələcək fəaliyyət planı müzakirə edilib.