İctimai çimərliklərdə əlilliyi olan şəxslər də nəzərə alınıb
Azərbaycanın, Qafqazda, qərbi Xəzər dənizi boyunca 500 kilometrdən çox (311 mil) sahil xətti var. Xüsusilə paytaxt Bakı dənizin sahilində yerləşir. Bu qızmar yay günlərində insanların istirahət üçün üz tutduqları əsas yerlərdən biri, bəlkə də birincisi ictimai çimərliklərdir.
Hər zaman olduğu kimi, bu gün də həmin məkanlarda dövlət qurumları tərəfindən insanların təhlükəsiz istirahətinin təmin olunması istiqamətində hansı zəruri tədbirlərin görüldüyü mühüm əhəmiyyət kəsb edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatında qeyd olunur ki, bu ildən etibarən hər yay mövsümündə çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq. FHN yeni mövsüm ərəfəsində, yəni iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyir. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib.

İnsanlar istirahət üçün əsasən paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçib, günün yorğunluğunu atmaq üçün oraya üz tuturlar. Məlumdur ki, çimərliklərdə mövsümə hazırlıq işləri gedib. Paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı, Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanaraq ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Bu il, həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılıb və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib. Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə FHN-in xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar, şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənərək istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Lakin insanları narahat edən və həmişəki kimi aktual olan bir məsələ pullu çimərliklərlə bağlıdır. Sorğular göstərir ki, ötənilki qiymətlərlə müqayisədə hələlik rəqəmlərdə ciddi dəyişiklik yoxdur.
FHN tərəfindən, həmçinin çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri çərçivəsində aprel ayından etibarən Abşeron yarmadasında mövcud sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Hazırda bu monitorinq ölkənin digər şəhər və rayonlarında yerləşən sahilboyu ərazilərində keçirilir. Monitorinqlər zamanı aşkarlanan nöqsan və çatışmazlıqların həlli üçün aidiyyəti icra hakimiyyətlərində müşavirələr keçirilir. Müşavirələr zamanı aidiyyəti üzrə bu çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə tapşırıqlar verilir. Monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə ehtiva edən bildirişlər də təqdim olunub. Bu bildirişlərdə təhlükəsizlik qaydaları necə görülməsi ilə bağlı bütün bəndlər qeyd olunub.
Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında ümumi 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, təmizləmə işləri görülür. Bu zaman aşkarlanan maneələr xüsusi nişanlarla qeyd edilir. Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc və axtarış əməliyyatları üçün istifadə olunması nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilir. Bu ilin iyun ayından etibarən çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlik ərazilərində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün xüsusi maarifləndirici lövhələrin quraşdırılması işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən satış şəbəkələri, ictimai iaşə və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər keçirilir.
Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir, ölkədə istehsal olunan və idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür. AQTA tərəfindən dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərində illik plan əsasında yay boyu yoxlamaların aparılması nəzərdə tutulub. Əgər vətəndaşların qida məhsulları ilə bağlı şikayətləri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Xoş yay istirahəti zamanı hər kəs təbiətin bəxş etdiyi gözəlliklərdən, yaradılan şəraitdən zövq almaq üçün sahillərin və ətraf mühitin təmizliyinə riayət etməlidir.
Cavid Əkbərov, “İki sahil”