12 iyul 2023 00:18
866

Qəhrəmanlar yurdu…

Yolumu saldığım Culfa rayonunun Bənəniyar kəndində həmkarım Kəramət Bənəniyarlı ilə görüşüb söhbətləşdik. Söhbətimiz 44 günlük Vətən müharibəsindən açıldı. Kəramətin Bənəniyar kəndinin igid oğulları haqqında verdiyi məlumat mənim diqqətimi çox çəkdi.

Bildirim ki, bu kəndin əhalisi də çox vətənpərvər, yurdsevər olub. 1992-1995-ci illərdə xain qonşumuz ermənilərin Qarabağ və Sədərək istiqamətində etdiyi hücumların qarşısını almağa könüllü gedənlər sırasında Bənəniyar kəndinin yetirmələri də olub. Onlardan - Şamil Telman oğlu Hüseynov, Hüseyn Abbas oğlu Əliyev, Zakir Sabir oğlu Həsənov Vətən, -deyib, onu qorumaq üçün üz tutublar döyüş bölgəsinə. Onlar Sədərək və Tərtər istiqamətlərində gedən  döyüşlərdə şəhidlik məqamına yüksəliblər.

Söhbət etdikcə eşitdiklərim məndə belə bir fikri yaratdı ki, bu yurdu ancaq qəhrəmanlar yurdu adlandıra bilərəm. Və beləcə həmkarımın köməkliyi ilə də bu kəndin igid oğulları haqqında məlumat toplamağa başladım.

İlk müsahibim igidliyi ilə ad qazanan, düşmənin qorxulu röyası olan Cəbiyev Malik Əjdər oğlu idi. Haqqında çox eşitdiyim bu qəhrəmanla yeni tikdirdiyi mənzilində görüşdük. 

Məlumat aldıq ki, Cəbiyev Malik Əjdər oğlu 1981-ci il yanvar ayının 19-da anadan olub. İlk təhsilini Bənəniyar kənd tam orta məktəbində alıb. On bir illik orta məktəbi bitirən müsahibim bizə hərbçi olmağından söhbət açır: -Mənim hərbçi olmağa marağım uşaqlıq dövründən başlayıb. Əsasən də kəndimizin ilk şəhidi Şamil Telmanoğlunun qəhrəmanlığı və məktəbimizdə Hərbi rəhbərimiz Yusifov Əbdüləzim müəllimin keçdiyi hərbi dərslərlə mən qərar verdim ki, hərbçi olmalıyam. 1999-cu il iyulun 1-i hərbi xidmətə getdim. Xidmətimi başa vurub geri qayıtdıqdan sonra daha qəti qərar verdim ki, hərbçi olmalıyam. Bir il sonra mən yenidən hərbçi olmaq üçün Təlim Tədris Mərkəzində gizir hazırlıq kursuna getdim. Toğana bölgəsində ilk xidmətimə başladım. Sonralar Murov silsiləsi və Daşkəsəndə xidmət etmişəm. 22 il sevərək xidmətimi etdiyim müddətdə həbçi adını daşıdığım üçün qürur duymuşam, fəxr hissi keçirmişəm. Xidmət müddətində çox çətinliklərlə qarşılaşdım. Olduğum hərbi hissələrdə mənim komandirlərim Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov, Anar Əliyev, Şükür Həmidov idilər ki, onların üçü də şəhid olublar. Onlarla çiyin-çiyinə xidmət etmək, döyüş hazırlığı keçmək elə də asan olmayıb mənim üçün. Ancaq mən hər zaman onlara layiq olmağa çalışmışam. Vətənə xidmətim dövründə ancaq bir niyyətim olub, Birinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin qisasını almaq. Ancaq vəziyyət elə gətirdi ki, kurs yoldaşım, Vərən müharibəsinin qəhrəmanı Mehrab Niftəliyev şəhid oldu. Komandirlərimin şəhid olması məndə qisas hissini daha da gücləndirdi. 27 sentyabr 2020-ci il Ali Baş Komandanın əks-hücum əmrini verməsi ilə biz Naxçıvan Əlahiddə Ümumqoşunun tərkibi olaraq döyüşə hazırlaşmağa başladıq. 17 oktyabrda biz döyüşə yola salındıq. İlk gəldiyimiz bölgə Beyləqan rayonu idi. Orada böyük bir meşəyə yerləşdik. İlk döyüşə Füzuli rayonundan başladıq. Sona qədər qət etdiyimiz döyüşdə Kəlbəcər rayonunun işğaldan azad edilməsində də iştirak etmişəm.

Deyərdim ki, həyatın ən çətin yolu müharibədir və orada iştirak etməkdir. O yolu biz keçdik. Bu yolla çoxlu silahdaşlarımız şəhid oldu. Bunun canlı şahidi olmaq, o anı yaşamaq elə də asan bir şey deyil, ancaq qismətdə olduğu üçün biz bunu da yaşadıq. Füzulidən sonra döyüş yolum Hadrut istiqamətində oldu. Bu bölgəyə girəndə bizim bir kalonumuzu vurdular. Bundan sonra bizim gücümüzə güc gəldi. Bizə verilən əmrin biri də Tuğ kəndinin azad edilməsi idi. Buna görə biz iki qrupa bölündük. Biri Anar Əliyevin bölüyü, digəri mənimlə bərabər olan bölük. İki tərəfli pusuda olduğumuz müddətdə digər bölük Anar Əliyevin olduğu yeri düşmən xəbər tutmuşdu. Mənə raçıyadan xəbər gəldi ki, biz mühasirədəyik yaylım atəşi açın. Mən bunu eşidib onlara dəstəyə getdim. Düzdür çox çətin, çıxılmaz bir yol getdik. Və yolun sonu dəhşət idi. Əliyev Anar, Quliyev Kənan və digər döyüşçülərimiz şəhid olmuşdular. Gördüyümüz mənzərə bizdə elə bir hiss yaratdı ki, mən birdə ayıldım ki, Tuğ kəndini işğaldan azad etmişik. Sonra Qırmızı Bazardüzü istiqamətinə yol aldıq. Bu istiqamətdə mən Naxçıvan Əlahiddə Ümumqoşundan döyüşçülərimizi gördüm. Daşaltı istiqamətində irəlilədik. Yanımda Samir Mehdiyev var idi. Sonra əmrlə Laçın yolunu azad etdik. O istiqamətdə məndə yüngül yaralandım. Sonra Topxana meşəsində iki gün qaldıq. Sonrakı tapşırıq Şuşanın azad edilməsi idi. Biz Xankəndi Şuşa yoluna çıxanda bizi raketlə vurdular. Düzdür bölükdən heç kimə bir şey olmadı. Amma hamı kəllə-beyin traması aldı. Heç nə eşitməz olduq. Hədəf Şuşaya girmək idi. Özümüzü toparlayıb yolumuza davam etdik. Yolda pusquya düşdük. Bizim qrupdan iki nəfər bizdən ayrı düşdü. Soruşdum ki, bölükdən Tağı hardadır. Dedilər ki, pusquya o da düşüb. Dedim onda mən onlara dəstək verməyə gedirəm, siz məni arxadan qoruyun. Elə bu vaxt Samir əlini mənə uzaltdı ki, getmə yol çox açıqlıqdır. Vuracaqlar səni. O an Samirin əsdiyini gördüm. Dedim nə oldu sənə… artıq Samir şəhid idi. Onu snayperlə vurmuşdular. Məni bir dəhşət hissi bürüdü. Artıq niyyətim bir idi ki, düşməni məhv edəcəyəm. Özüm-özümə söz verdim ki, mənə ölmək olmaz! Meşəlik, qayalıqlarla hücuma başladıq Şuşaya. Gecə idi biz artıq Şuşada irəliləyirdik. Qarşımızda bir muzey binası var idi. Gecəni orda keçirdik. Səhəri Şuşa məscidinin qarşısında bizi əl işarəsi ilə çağıran əsgər gördük. Bölüyə məlumat verdim ki, bizi köməyə çağıran var. Yoldaşlarımın hamısı təşvişə düşdü ki, getmə birdən pusqu olar. Amma mən o çağrışa cavab verməyə bilməzdim. Dedim gedirəm, mənə arxadan dəstək olun. Dedilər necə dəstək olaq axı, -dedim gördünüz onlar çoxdur onda məni nişan alın. İrəlilədim, yaxınlaşıb gördüm ki, daxili qoşunlardan öz zabitimiz. Məni görüb ürəklənən zabit Kərimov dedi ki, arxamca gəl. Binaya daxil olduq. Buranın Şuşa həbsxanası olduğunu anladım. Kərimov bildirdi ki, bölüyü iki dəfə pusquya düşüb. Hamısı yaralı qalıb binanın daxilində. Burada da düşmən silahlıdır. Ehtiyatlı olmaq lazımdır. Orada əlbəyaxa hücum etdik, binanın içərisindəki düşməni bir-bir məhv etdikdən sonra bizim iki tərəfli atışmamızdan düşmən elə başa düşdü ki, biz həbsxanaya hücüm etmişik, özləri binanı tərk etməyə başladılar. Binanın təhlükəsizliyini təmin etdikdən sonra çöldə düşmənin avtomobilini işə salıb yaralıları öz bölüyümüzün olduğu yerə gətirməyə çalışdım. Bu vaxt Şuşa hamamı deyilən yerdə bizə işarə verəni gördük. Əvvəlcə çox ehtiyat etdim avtomobildə yaralılar var deyə, pusqu olar sonra düşündüm ki, onların da bəlkə köməyə ehtiyacı var. Cəhd edib içəri daxil oldum, baxdım iki nəfər var. Əvvəlcə rus dilində sözlər dedim, əsgərlər biz azərbaycanlıyıq dedi. Dedim burda nə edirsiniz, dedilər yaralıyıq komandir, kömək et bizə. Onlarıda həmin avtomobilə mindirib beləcə Allahımı köməyə çağıraraq gəlib öz bölüyümüzə çıxara bildim. Əsas qorxum o oldu ki, bizi düşmən sanıb vura bilərlər. Ona görə bizim parolumuz olan “Allahu Əkbər” sözünü ucadan deyə-deyə bölüyümüzə yaxınlaşdım. Xəstələrə ilkin tibbi yardım edildi. Şusanın azad edilməsi çox çətinliklə başa gəldi. Ancaq biz bunu bacardıq. Azərbaycan Bayrağı Şuşamızda dalğalandı, Dövlət Himnimiz səsləndirildi. Bu böyük fəxr, qürur verici hissidir ki, biz şəhidlərimizin qisasını aldıq. Bizim ən böyük borcumuz Vətənə xidmət etmək idi. Şükürlər olsun ki, mən bu borcumu yerinə yetirə bildim. Etdiyim 22 illik xidmət ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “ İgidliyə görə”, “Vətən Müharibəsinin iştirakçısı” medalları ilə təltif olundum.

Növbəti müsahibimlə görüşə tələsirəm. Vətən müharibəsi qəhrəmanlarından biri olan, evin tək oğlu, iki bacının bir qardaşı İbrahimli Elşən İlqar oğlu ilə evlərində görüşüb söhbət edirik. Müsahibim kiçik qəlbi ilə bizə böyük Vətən sevgisindən, döyüş yolundan danışır. Bizsə qarşımızda olan Vətənin igid oğlu ilə qürur duyuruq...

Bənəniyar kəndində 1993-cü ildə sadə zəhmətkeş ailədə doğulan Elşənin qəlbi hər zaman Vətən üçün döyünüb. O Vətənə olan səmimi məhəbbətindən bizə ürəklə danışır: -Mən tam orta məktəbi elə doğulduğum kənddə başa vurmuşam. 2011-ci ilin oktyabr ayında hərbi xidmətə getdim. 2013-cü ilin mart ayında xidmətimi başa vurub geri qayıtdım. Müəyyən sahələrdə çalışsam da özümə sevdiyim peşəni tapa bilmədim. Uzun müddətdən sonra mən sevdiyim sənəti seçməliyəm, hərbçi olmalıyam dedim. 2020-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq işlə təmin olundum. 4 ay idi ki, hərbçi olaraq xidmətimi edirdim. Ali Baş Komandan əmr verdi ki, əks-hücuma başlanılmalıdır. Mən bunu eşidən kimi özüm könüllü döyüşə qatılmaq üçün yazıldım. Yeni xidmətə başladığım üçün məni döyüşə aparmaq istəmirdilər. Özüm israrla getmək istədiyimi bildirdim. Xəbər gəldi ki, gedirik döyüş bölgəsinə hazırlaşın. Mən hərbi hissədən çıxıb evə gəldim. Əməkhaqqımı alıb anama verdim. Qəti olaraq da sağollaşmadım. Dedim anama mən sənlə vidalaşmıram çünki, mən sağ gedib, salamat qayıdacağam. Düşməni məhv edib qayıdacağam. Bir nisgilim o oldu ki, atamın ölümünün il dönümündə mən anamın və bacılarımın yanında ola bilmədim. Son danışığım hava limanından oldu. Dedim başınızı dik tutun, güclü olun!

Biz bölüyümüzlə Beyləqan bölgəsinə gəldik. Uşaqlıqdan bəri böyük sevgim var üçrəngli bayrağıma... Döyüşə yollananda özümlə 12 bayraq alıb aparmışdım. Hər işğaldan azad etdiyimiz torpağın hər bir hissəsini al bayrağımızla bəzəməliyəm, -deyə düşünürdüm. Bayraqlarımın bir qismini şəhidlərimizə bürüdüm. Yanımızda olan silahdaşımız Rzayev Kənan şəhid olduqda mən bayrağın birini onun üzərinə saldım. Qürur duydum ki, mən bu gün ən müqəddəs yolda irəliləyirəm. Yanımda öz kəndimizdən Məmmədli Yəhya var idi. Onunla söhbət edərkən dedim ki, Yəhya mən özümlə çoxlu bayraq gətirmişəm. Torpaqlarımızda dalğalandıracağam. İşdir əgər şəhid olsam məni özümlə gətirdiyim bayrağıma büküb yola salarsan yurduma. Yəhya doluxsundu. Dedi biz ancaq düşməni məhv edəcəyik. Öldürəcəyik, ölməyəcəyik. Döyüşə Füzuli rayonundan başladıq. Gecə irəliləyirdik. Qarşıda köhnə, dağıdılmış binalar görürdük. Yavaş adımmlarla irəliləyə-irəliləyə sabahı açdıq. 30 illik həsrətini çəkdiyimiz torpaqlarımızı görmək nəsib olduğu üçün çox şükür etdim. Özümüzlə, ordumuzla, Ali Baş Komandanımızla qürur duydum ki, biz daha bu torpaqlardayıq. Bizim olduğumuz yerdən düşmənin bütün mövqeləri tamamilə görünürdü. Onlar iriçaplı silahlarla atəş açırdılar. Biz də düşmən atəşinə cavablar verərək atışa başladıq. Sonrakı ən ağır döyüş yerimiz Xocavəndin Tuğ qəsəbəsində oldu. Bizim bölük həmin ərazidə pusquya düşdü. Mənim yoldaşlarımdan bir neçəsi şəhid oldu, mən də onlarla bərabər neytrala düşdüm. Üzü aşağı palçıqda yatılı vəziyyətdə qaldım. Arxadan dəstək gələ bilmədi. Sonra öyrəndim ki, arxadakı bölükdə pusquya düşüb. Bir günü bütöv mən tərpənməz halda neytralda qaldım. Qarşıdan düşmən poçtunu tam aydın görürdüm. Biraz diqqət edəndən sonra başa düşdüm ki, bizə göstərdikləri post aldadıcıdır. Həmin postun tam əksində yerləşir həqiqi postları. Uzun müşahidəmlə yenə də yerimdə tərpənməz qalmışdım. Ani hərəkətlə məni nişan alacaqdılar. Gecə düşdü yenə də ətrafda gəzən düşmənin səsindən mən yerimdən tərpənə bilmədim. Mənim həmin ərazidə sağ qalma şansım düşmən meyidləri ilə bir yerə düşməyim oldu. Başımdakı kaskam yerə düşdüyü üçün məndən 20-25 santimetr aralıda qaldı mən əlimi uzaldıb götürmək istəsəm də baxdım durmadan mərmilər kaskama dəyir. Beləcə tərpənməz halda yerimdə qaldım. Yenədə silahımı özümə doğru tutub hazır durmuşdum ki, əgər mənim sağ olduğumu bilsələr düşmən əlinə düşməyim özümü vurum. Sabahı beləcə açdım. Durmadan da güclü yağış yağırdı. Ani bir müddətdə havaya çən gəldi. Göz-gözü görməz bir vəziyyət yarandı. Sanki Allah məni düşdüyüm bu çətinlikdən, ölümdən qurtarmaq üçün havanı duman-çənə bürüdü. Bu vəziyyətdə mən düşdüyüm ərzidən yavaş-yavaş səssizcə geri öz bölüyümüzə doğru qayıtmağa başladım. Uzun sürünmədən sonra gəldiyim yolu tapıb geri qayıtdım. Geri qayıdarkən səs etdim ki, bizimkilər məni düşmən sanıb vurmasın. Durmadan “Naxçıvan heyyəti 77” deyə-deyə özümüzünkülərin bölüyünə gəldim. Bizimkilər məni sağ gördüyünə çox sevindilər. Hamısı mənə mənəvi dəstək verdi. Yoldaşlarımın çoxunun şəhid olası məni çox məyus etdi. Yenə də özümü toparlayıb dəstə qrup komandirinə düşmən postları haqqında məlumat verdim. Bildirdim ki, sizin atış etdiyiniz post yalançı postdur. Komandir mənim bu sözümlə əmr verdi ki, sən öndə olmaqla qrupla birlikdə həqiqi posta hücuma keçməliyik. Yolu da sən bildiyin üçün bizə köməklik etməlisən. Mən yenidən bölüyü götürüb irəli gəldik. Biz həmin yerdə düşmən snayperlərini vurduq. Sonra posta doğru hücuma keçdik. Bizim onlara yaxınlaşdığımızı görən ermənilər əllərində olan silah-sursatı qoyub qaçdılar. Biz elə ilk hücumda postu ələ keçirdik. Həmin posta yerləşib, yeni hücum istiqaməti üçün hazırlaşdıq. Bu zaman bölüyümüzdən olan şəhidlərimizi və yaralılarımızı aşağıda olan bölüyümüzə təhvil verib azad etdiyimiz posta geri qayıtdıq. Və beləcə hədəf ancaq irəli idi. Döyüş yolum Şuşa şəhərinə qədər oldu. Xocavəndin Qırmızıbazar qəsəbəsində güclü döyüşdə oldum. Mən Şuşanın beş kəndini işğaldan azad edən zaman ayaq və bel nahiyəmdən yaralandım. Uca bir yüksəklikdə qəlpə yarası aldım ayağımdan özümü itirib yerə düşdüm. Uzun bir məsafəni sürünüb aşağı düşdüm. Düşəndə baxdım bel nahiyəsindən yaralıyam. Özümü toparlayıb, bölüyümüzün bölgəsinə gəlmək üçün böyük bir məsafəni qaçdım. Yolda  hiss etdim ki, çoxlu qan itirdiyim üçün artıq şüurumu itirirəm. Ən son bunu xatırlayıram. Bizimkilər məni görmüşdülər. Mənə köməklik edib öz bölmələrinə gətirib, ilkin tibbi yardım etmişdilər. Sonra Füzuli bölgəsində olan tibbi yardım bölməsinə gətirildim. Orada həkimlər baxdı. Sonra məni Füzuli rayonunda yerləşən xəstəxanaya gətirdilər. Həkimlərin müayinəsi ilə Bakı şəhərinə göndərildim. Ayağıma tikiş atdılar. Belimi müayinə etdilər. İlkin müayinədə qəlpənin bel sinirinə toxunduğu üçün çıxalıla bilməz dedilər. Sonra Naxçıvana qayıtdım. Sağlığım yerindədir. Xidmətimi davam etdirirəm. Bir dəfə döyüş yolu keçib savaşın nə olduğunu bilən biri olaraq deyərəm ki, Vətənim nə zaman darda olsa, yenə də canım bahasına onu qorumağa hazıram. Şəhidlərimizin xatirəsi hər an, hər zaman xatirəmdə yaşadıram. Sadəcə bu gün mən çox qürurluyam, fəxr hissi keçirirəm ki, daha bütöv Vətənim var. Şəhidlərimizin qanı yerdə qalmadı, biz qisasımızı alaraq Qələbə qazandıq. Qəlbimdə sevgi ilə yaşatdığım üçrəngli bayrağım bütöv Azərbaycanımızda dalğalanır. Bütün bunlar bizim ən böyük arzumuzdur və şükürlər olsun ki, mənimdə bu arzuya çatmaqda xidmətim olub.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı İbrahimli Elşən İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” “Şücaətə görə”, “Vətən Müharibəsinin iştirakçısı” medalları və bir çox fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Kəndin digər qəhrəman oğulları Bənəniyarda olmadıqları üçün onlarla telefonla əlaqə yaradıb məlumat almağa çalışdıq. Bu hərbçilərimiz haqqında qısa da olsa məlumat verməyi özümə borc bildim.

Növbəti həmsöhbət olduğumuz Vətən müharibəsi iştirakçısı Dilavərli Yelmar Elmar oğludur. O, 1998-ci ildə Bənəniyar kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərində gələcək həyatı barədə çox götür-qoy edən Yelmar nəhayət qərar verir ki, hərbçi olacaq. Bu arzusuna çatmaq üçün məktəbin 9-cu sinfini bitirən kimi Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Cəsur Vətən oğlu Ali Hərbi Məktəb də oxuduğu illərdə təlimlərdə fəallıq göstərərək nümunəvi hərbçi kimi yetişir. O, 2016-cı ildə təhsilini bitirərək leytenant rütbəsi alıb ön cəbhədə, düşmənlə sərhəddə yerləşən hərbi hissələrimizin birində xidmətə başlayır. Sonra xidmətini davam etdirmək üçün Şəmkir rayonunda yerləşən hərbi hissələrin birinə taqım komandiri vəzifəsinə göndərilir. Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında aparılan əməliyyatların ilk günlərindən döyüşlərə qatılan Yelmar Dilavərli də şanlı döyüş yolu keçib. Rütbəcə leytenant olan Yelmar İkinci Qarabağ Müharibəsinin elə ilk günündən döyüşə atılıb oktyabrın 7-nə qədər–yaralanana kimi, əsgərləri ilə birlikdə böyük igidlik göstərib, qəhrəmanlıq nümayiş etdirib, ermənilərin başlarına sözün əsl mənasında od ələyib. Murovdağın bir sıra strateji yüksəkliklərinin düşməndən geri alınması zamanı qolundan və sinəsindən bir neçə qəlpə yarası almasına baxmayaraq, döyüşə davam edən igidimiz 2020-ci ilin 6 oktyabrında düşmənin snayperdən açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alaraq yaralanır. Onu döyüş meydanından təxliyə edərək Gəncə şəhərindəki hospitala aparırlar. Döyüşlərdəki bir-birinin ardınca məğlubiyyətə uğrayan düşmən yenə də öz çirkin əməllərindən əl çəkməyərək Gəncə şəhərinə raket zərbəsi atdığı zaman digər yaralı hərbçilərimizlə birlikdə Yelmar da Bakıya –Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülür. Qələbə xəbərini də burada alan Yelmar o anlarda yaşadıqlarını bizimlə bölüşdü:– Bizim döyüş yolumuz dedikdə, hər şey bir anda oldu… Allahıma şükür ki, mənfur düşmənə necə lazımdırsa, öz cavabımızı verdik. Onu etiraf edim ki, döyüş əmri verilən ilk vaxtlar içimdə bir balaca narahatçılıq var idi. Çünki tabeçiliyimdə olan əsgərlərə, onların arxada gözləyənlərinə görə, narahatlıq keçirirdim. Ancaq onlarda döyüş ruhunu, döyüş əzmini gördükdən sonra, sadəcə, bütün amallarının Vətəni qorumaq olduğunu hiss etdim, buna tam əmin olaraq döyüşdük. Düşmənə arxadan hücum edib mühasirəyə almışdıq. Onlar strateji yüksəkliklərin birində güclü mövqe tutmuşdular. İtki versək belə, o yüksəkliyi düşməndən aldıq. Murovdağın ən yüksək yerində dayanıb Qarabağı seyr etməyi – o təkrarsız gözəlliyi heç nə əvəz edə bilməz... Postda təzə mövqe tutmuşduq ki, qəfildən düşmənin artilleriya atəşinə məruz qaldıq. Digər tərəfdən də postu geri almaq üçün düşmən əks-hücuma keçmişdi. Həmin vaxt məni düşmən snayperi başımdan vurdu. Gözlərim qaraldı və huşumu itirib yıxıldım. Gözlərimi açanda əsgərlərim məni döyüş meydanından çıxarırdı. O anda başımda olan ağrını sözlə ifadə edə bilmərəm. Ağrım o qədər güclü idi ki, tez-tez özümdən gedir, huşumu itirirdim. Sağ qalmağımın möcüzə olduğunu deyən həkimlərimizə çox şey borcluyam. İlk yaralandığım vaxtlar döyüşdən qaldığıma görə, çox pis olurdum. Hər gün öz-özümə deyirdim ki, axı, niyə mən yaralandım, axı niyə döyüşdə deyiləm?!... Çünki orada məni gözləyən əsgərlərim var idi. Onlar məni gözləyirdilər. Ancaq əmin idim ki, mən yanlarında olmasam da, onlar düşmənə layiqli cavab verəcəklər. Axı bizim savaşımız haqq davası idi. Birinci Qarabağ savaşında və atəşkəs illərində haqsız yerə tökülən vətəndaşlarımızın qanı… Bunlar hamısı bizi döyüşlərə atılmağa, içimizdəki o Vətən sevgisini, məhəbbətini alovlandırmağa gətirib çıxarmışdı…  

Qeyd edək ki, əzmi, qətiyyəti, inam və hünəri ilə döyüş yoldaşlarının fəxrinə çevrilmiş leytenant Yelmar Dilavərli göstərdiyi igidliyə və qəhrəmanlığa görə, ölkə Prezidenti tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətənə xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Növbəti müsahibim Əhmədli Hüseyn Arif oğludur. O, 1994-cü ildə Bənəniyar kəndində anadan olub. 2001-ci ildə Culfa rayon şəhid Şamil Telmanoğlu adına Bənəniyar kənd orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseyin 1-ci kursuna daxil olub və 2013-cü ildə həmin liseyin 3-cü kursunu bitiribdir. Sonra Dövlət Sərhəd Xidməti Akademiyasının 1-ci kursuna daxil olan  Hüseyn 2017-ci ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraq həmin ildən 2018-ci ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” hərbi hissənin Çevik Hərəkat bölüyündə tağım komandiri vəzifəsində xidmət edib. 2018-ci il tarixindən 2021-ci il tarixinədək Dövlət Sərhəd Xidmətinin Çevik Qüvvələrinin “N” hərbi hissəsində, 2021-ci il tarixdən bu günümüzədək Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri komandanlığında xidmət edir. 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində bir başa döyüş əməliyyatlarında iştirak edib. Harop tipli zərbəendirici pilotsuz ucuş aparatı ilə cəbhə boyu düşmənin hava hücumundan müdafiə sistemlərini məhv edilməsində , düşmənin bir sira başqa texnikalarının məhv edilməsində xüsusi şücaət göstərib.  14 oktyabrda Gəncə şəhərini vuran elburus sistemini məhv etdiyimə görə vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib. Vətən müharibəsindən sonra cənab Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına  görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,  medallarla təltif olunmuşdur. Bildirək ki, 2022-ci il sentyabrın 12-də başlayan cavab əməliyyatının iştirakçısı olub.

İkinci Qarabağ müharibisinin iştirakçısı ehtiyyatda olan kapitan Əlizadə Ülvi Azər oğlu ilə həmsöhbət oluruq. 1996-cı ildə Bənəniyar kəndində anadan olan Ülvi həmin kənddə tam orta məktəbi 8-ci sinfə qədər oxuyaraq Heydər Əliyev adına Hərbi Liseyə sənədlərini verir. Hərb təhsili alan müsahibimiz 2010-cu ildə Heydər Əliyev adina hərbi Liseyə qəbul olunmuş, 2013-cü ildə isə Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunaraq hərbi sirrləri dərindən öyrənir. 2017-ci ildə oranı bitirərək Leytenan rütbəsi ilə xidmətə Naxçıvanda yerləşən hərbi hissələrin birində başlayan Ülvi öz çevikliyi və bacarığı ilə hərbçilər sırasında seçilir. Xidməti müddətində çoxlu fəxri fərman və diplomlara layiq görülür.  Vətən muharibəsindən bir müddət əvvəl Bakıya, ixtisasçıların cagırışına dəvət olunub. Hərbi savadı və təcrübəsi ilə döyüşə gedənlərin önündə olan vətənin igid oğlu Ağdam, Füzuli, Hadrut, Daşaltı və Şuşa şəhərinin işğaldan azad olunmasında qəhrəmancasına şücaətlər göstərmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kapitan Ülvi Əlizadə“Ağdamın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.  

Növbəti müsahibim Nəsirov Samir Cəlil oğludur. O, 2000-ci ildə Bənəniyar kəndində hərbçi ailəsində anadan olub.  Orta məktəbi döulduğu kəndə 8-ci sinfə qədər oxuyan Samir 2014-cü ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyə qəbul olunur. 2017-ci ildə bitirib Milli Müdafiə Universitetinə daxil olur. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə görə təhsilini  yarıda qoyan Samir könüllü döyüşlərə qatılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə 2020-ci ildə kiçik leytnant hərbi rütbəsi alaraq “N” hərbi hissənin tərkibində taqım komandiri vəzifəsinə təyin olunub. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən müsahibimiz Zəngilan və Qubadlının bir sıra kəndlərinin azad olunmasına bir başa komandirlik edib.

Döyüşlərdə igidcəsinə şücaət göstərən kiçik leytenan Samir Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”,   “Zəngilanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Hazırda Samir Nəsirov Vətənə xidmətini davam etdirir.

Telefonla əlaqə yaratdığımız müsahiblərimizdən biri də Məmmədli Yəhya Sabir oğludur. O, 2000-ci ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 2006-cı ildə bənəniyar kənd tam orta məktəbinin I sinfinə daxil olub.  2018-ci ildə aprel ayında hərbi xidətə çağırılan Yəhya 2019-cu ildə ordu sıralarından təxris olunaraq ehtiyata buraxılıb. 2020-ci ilin aprel ayında hərbçi olmaq üçün müraciət edən müsahibimiz bildirdi ki, müraciətim qəbul edilərək kursa göndərildim. 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmətə başladım.  İlk atıcı olaraq işə başlasam da, Vətən müharibəsinin başlanmasına görə 2020-ci ilin oktyabr ayında xüsusi təyinatlı qüvvələrin sırsına qatılaraq özüm könüllü olaraq döyüşə getmək istədiyimi bildirdim. Oktyabr ayının 18-də döyüşlərə qatıldım. İlk döyüş yolum Xocavənd rayonunun Tuğ kəndindən başlayıb. Sonralar Füzuli rayonunun və ətraf kəndlərin işğaldan azad olunmasında iştirak etmişəm. Şuşa şəhərinin azad olunmasında iştirak etmişəm. Döyüşdən zəfər qazanandan sonra ordunun hərbi qulluqçusu olaraq geri qayıdaraq kiçik çavuş rütbəsi ilə xidmətimə davam edirəm. Nəzərinizə çatdırım ki, Vətən müharibəsində iştirakıma, və döyüş tapşırıqlarını vaxtında yerinə yetirdiyim üçün Ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə   “Şücaətə görə”, “Xocavəndin azad olunmasına  görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. 

Etdiyimiz söhbətlər bizdə bu fikri yaratdı: Vətənin igid oğulları bu olsa gərək, sizin kimi qəhrəman oğullar var olduqca yüksələr bayrağım, dirçələr, gözəlləşər torpağım… son sözümüzü deyib, sağollaşırıq.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru