13 iyul 2023 23:15
440

Arzular reallığa çevrilir: Laçının daha 85 sakini doğma yurdunda

Növbəti köç karvanı ilə Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub

Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı qeyd edib ki, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi: “Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik.”

Dövlətimizin başçısı Böyük Qayıdış layihəsi haqqında danışarkən onu da qeyd edib ki, ilin sonuna qədər Laçın şəhərinə, həmçinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar: “Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.”

Prezident İlham Əliyev indiyədək 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlqoyma mərasimində iştirak edib. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Cəmi səkkiz ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfərin köçürülməsi reallaşıb. Növbəti köç karvanı ilə yola salınan 23 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Əlbəttə ki, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır. Prezidentin gündəlik fəaliyyətində bu məsələ hazırda birinci yerdə dayanır və dövlət başçısı daim bütün işlərə şəxsən nəzarət edir. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Bütün işlər planlı şəkildə yerinə yetirilir, orada ən yüksək standartlar tətbiq edilir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və ölkəmizin dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən tikir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Cavid Əkbərov, “İki sahil”