14 iyul 2023 22:11
366

YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 10-cu ildönümü qeyd olunub FOTO

İyulun 14-də Pirallahı rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis edilməsinin 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımıza  xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu Öndərin yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi xalqımızı ən çətin anlarda  birləşdirən və həmrəy edən məhək daşına çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli və həyat qabilliyətli olduğunu bir daha gördük. Cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilibş Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub.

Emil Abasov qeyd edib ki, YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə ümumi işimizə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirir.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildirib: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar”. Natiq həmçinin, vurğuladı ki, partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib ki, YAP qısa müddətdə cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Misir Mərdanov onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilib.

Tədbirdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “YAP Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır. Partiyamız qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrildi. YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”.

ARDNŞ-nın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat Bölümünün rəisi Elxan Məmmədov çıxışında qeyd etdi ki, müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla Yeni Azərbaycan Partiyası tərəfindən davam etdirilir, nəticəsi misilsiz nailiyyətləri olan alternativsiz siyasi kursla müşayiət olunur. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın.

Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin ideoloji baxışlarından və siyasət fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandanımızın, möhtərəm İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz zəfər bizi tarixin qalib xalqına çevirdi. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Pirallahı sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər.

Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.