Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində belə bir əminliyi ifadə etmişdir ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji mənbələri yaradılacaq və bu sahədə də ölkəmiz dünyada liderlər sırasında olacaq
«BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.» Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik İli» elan edilməsi ilə bağlı Sərəncamında o da qeyd edilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Bu ilin dekabrında ölkəmizin ev sahibliyi edəcəyi COP29-un hansı perspektivlərə yol açacağına diqqət yönəltmədən öncə Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillərə nəzər salaq. Öncə bu reallığı qeyd edək ki, Azərbaycan sabitlik məkanı kimi tanınır və nüfuz qazanır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin yoxluğu ucbatından Azərbaycanda itimai-siyasi vəziyyət olduqca ağır idi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər tərəddüdlərini gizlətmirdilər. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, xoşbəxt, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurların əsasında dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahələrin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?” Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.
ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 20 ildən artıq dövrdə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
O da məlumdur ki, 2020-ci ilə qədər olan dövrü əhatə edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin, qarşıya qoyulan hədəflərin yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində Azərbaycanı inkişaf etmiş ölkələr arasında görmək istəyimiz reallığa çevrildi. Azərbaycan yüksək gəlirli ölkə kimi diqqətdə oldu.
2020-ci il Azərbaycanın həyatında tamamilə fərqli bir dövrün əsasını qoydu. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeniliklərə, təkmilləşməyə yol açdı. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında kompleks tədbirlərin həyata keçirilməsini zərurətə çevirən sənədlərin imzalanmasını da qeyd edə bilərik. Belə ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Bu sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulur. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.
Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də özündə bütün məqamları ehtiva edir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanan bu sənəddə o da qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. O da bildirilir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Ötən ilin dekabrında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Bu əminlik də ifadə edilmişdir ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.
Ötən ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı bildirmişdir ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik.
Onu da qeyd edək ki, ötən il Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, 2023-cü ildə isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirildi. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: «Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.» Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Göründüyü kimi. hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 32 ildən artıq dövrün təhilil fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qarabağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı ötən il ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumda bu məqama da diqqəti yönlətmişdir ki, azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Yeni idarəçilik modeli sınaqdan keçirilir. Artıq Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq: «Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik.»
Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal probemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar beynəlxalq dəstək qazanır. COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək. Dövlət başçısı İlham Əliyev 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu mötəbər tədbirə diqqəti yönəldərək belə bir əminliyi ifadə etmişdir ki, COP29 dünya ictimaiyyəti tərəfindən bizə göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır.
Yeganə Əliyeva, “İki sahil”
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: bir millət, bir dövlət, bir məqsəd
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Birlikdən güc alan gələcək
2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında