12 yanvar 2024 01:37
590

Keçmişin inanılmaz absurd sağlamlıq metodları - FOTOLAR

Müxtəlif müalicə üsullarına olan inanclar tarix boyu bir çox dəyişikliyə məruz qalmışdır. Məsələn, piylənmə. Bu gün biz arıqlamaq və əlavə kilolardan qurtulmaq üçün əlimizdən gələni edirik, lakin köklük əvvəllər səy göstərilməli bir şey idi. Aşağıda keçmişdən bu və digər tarixi sağlamlıq faktları haqqında absurd nümunələr var:

Qarından çıxan qazları iyləmək

1665-ci ildə başlayan Böyük London taunu İngiltərədə bubon vəbasının geniş yayılmış epidemiyası idi. Bir il yarım ərzində qarın ağrısı, qusma, ishal və s. əziyyət çəkən 100 mindən çox insan öldü. O dövrdə tibbi biliklər bərbad vəziyyətdə olduğuna görə insanlar vəba ilə mübarizə aparmaq üçün çarəsiz idilər. Çarəsizlik içində bəzi həkimlər radikal vasitəyə üz tutdular: onlar insanlara bankadan qazları iyləməyi məsləhət gördülər. Onların əsas açıqlaması ondan ibarət idi ki, vəba havadakı zəhərli tüstülərdən qaynaqlanır. Onlar inanırdılar ki, insanlar murdar havanı eyni dərəcədə çirkin bir şeylə udsalar, bu, vəba xəstəliyinə tutulma şansını azalda bilər. İnsanlar özləri ilə qaz qutularını gəzdirirdilər və guya infeksiyanın qarşısını almaq üçün ondan nəfəs alırdılar. Söz yox ki, bu, bir nəfəri də vəbadan xilas etmədi.

Şişmanlar klubuna qoşulmaq bir imtiyaz idi

Müasir arıqlama sənayesinin mənfəəti bel ölçülərimizlə birlikdə artır. Belə bir sənayenin mövcudluğu əcdadlarımızı çaşdırardı, çünki o zaman “ətli-qanlı” olmaq dəbdə olduğundan əksəriyyəti çox kökəlməyi xəyal edirdi. Yemək və istirahətin az olduğu dövrlərdə kök olmaq “cekpot” idi və kök insanlar öz imtiyazlarını nümayiş etdirməyi sevirdilər. On doqquzuncu yüzillikdə və iyirminci əsrin əvvəllərində Amerikada şişmanlar klubları yaranmışdı. “Firavan” kök kişilər piylənmələrini nümayiş etdirmək üçün bir araya toplaşırdılar və üzvlük çəkiyə əsaslanırdı - adətən namizədin çəkisi minimum 90 kiloqram olmalı idi. Yığıncaqlarında tez-tez rəqabətə çevrilən çəki ölçmələri keçirirdilər. Yalnız 1920-ci illərə qədər, piylənmə və sağlamlıq problemləri arasındakı əlaqə daha yaxşı bilinəndə şişman klubları tənəzzülə uğradı.

Yaraların dərmanı kimi kiflənmiş çörək

Qədim Misir mətnlərində kiflənmiş çörəyin yaraların müalicəsində istifadə edildiyi bildirilir. 2000 il əvvəl Çin, Yunanıstan və Serbiyada da onun müalicəvi istifadəsinə dair sübutlar var.

Bu, iyrənc səslənə bilər, amma qədim misirlilər əslində bir şey bilirdilər. 1928-ci ildə antibiotik penisilinin kəşfi elə bir növ göbələkdən yaradılmışdır və bu gün də infeksiyaların müalicəsində istifadə olunur.

Rəğbət tozu

17-ci əsrdə ser Kenelm Digbi adlı bir adam qılınc yaralarını müalicə etdiyini iddia etdi.

Torpaq qurdları, donuz beyni, dəmir oksidi və mumiyalanmış insanlardan götürülmüş hissə ilə hazırlanan bu iyrənc qarışıq "rəğbət tozu" adlanırdı.

Boğaz ağrısı üçün müəmmalı müalicə

İlbiz seliyi qədim Yunanıstanda ənənəvi olaraq öskürək və boğaz ağrılarını müalicə etmək üçün istifadə olunurdu. Bu “müalicə üsulu” orta əsrlərə qədər davam etdi.

İndi də onu bəzi ölkələrdə hətta satın ala bilərsiniz. Lakin onun müsbət təsirinə dair heç bir sübut yoxdur.

Müalicəvi yarasa qanı

3000 il əvvəl qədim misirlilər yarasaların qanından göz problemləri üçün istifadə edirdilər.

Bir qoxu ilə müalicə

Kembric tarixçiləri daha bir qeyri-adi müalicə üsulu haqqında məlumat əldə ediblər.

“Çiban və qaşınmalı çiçək” xəstəliyindən əziyyət çəkən xəstəyə qızılgül, bənövşə, qaynadılmış xərçəng və maral peynindən ibarət qarışıq verilirdi.

Timsah nəcisindən hazırlanan kontraseptivlər

Qədim yunanlar misirlilərdən çox şey öyrəniblər. Bunlardan biri də timsah nəcisini kontraseptiv vasitə kimi istifadə etmək resepti idi.

Qədim yunan qadınları inanırdılar ki, timsah “pisliyi” güclü kontraseptiv vasitə kimi təsir edir.

Qara ölüm və kanalizasiyada həyat

Qara ölüm (tarixdə ikinci vəba pandemiyası) avropalıların təxminən üçdə birini öldürdü. Qurbanlar çox vaxt dəhşətli simptomlarla bir neçə gün ərzində ölürdülər və insanlar çaxnaşmaya və çılğın dərmanlara müraciət etməyə başladılar.

Məsələn, bəziləri qərara gəldilər ki, vəba hava yolu ilə keçdiyi üçün kanalizasiyalarda gizlənsinlər. İnsanlar üfunət qoxulu kanalizasiyalarda gizlənərək bəzən yaşayırdılar. Hesab olunurdu ki, kanalizasiyanın üfunət qoxusu xəstəliyə yoluxmuş havanın onlara yaxınlaşmasına mane olacaq. Bu, nəinki işə yaramadı, həm də kanalizasiyada gizlənənləri çirkin ətrafının yaratdığı digər xəstəliklərə də həssas etdi.

Toy hədiyyəsi olaraq diş çəkilməsi

Diş həkiminə baş çəkmək çoxları üçün xoşagəlməz bir təcrübədir. Lakin diş həkiminə baş çəkmək haqqında nə düşünsək də bu, əvvəlki dəhşətlərə bənzəmir. Məsələn, 19-cu əsrdə İngiltərədə diş sağlamlığı və gigiyena standartları bərbad vəziyyətdə idi və dişlər tez-tez gənc yaşda itirilirdi. Bir diş çürüyərkən, anesteziya olmadan kəlbətinlə çıxaran diş həkiminə baş çəkmək lazım idi. Və bu, olduqca qəribə “sürprizlərə” yol açırdı.

Övladlarını həyatlarında bir neçə dəfə belə ağrılara dözmək səfalətindən xilas etmək üçün bəzi valideynlər uşaqları üçün hədiyyə olaraq "dişlərin ümumi çıxarılmasını" seçirdilər. "Total diş çıxarılması" tam olaraq səsləndiyi kimi idi, yəni, bütün dişlərin çıxarılması və onların protezlərlə əvəz edilməsi həyata keçirilirdi. Dişlərin tam çıxarılması o qədər gözəl hədiyyə hesab olunurdu ki, çox vaxt gəlinlərə toy hədiyyəsi kimi təqdim edilirdi.

Qladiatorların təri və qanı

Qədim romalılar qladiatorlar haqqında qarışıq fikirlərə malik idilər. Bir tərəfdən, qladiatorlara qul kimi xor baxılırdı. Onlar son dərəcə qəddar şəraitdə öyrədilir, marginallaşdırılır və ümumiyyətlə, azad romalılardan təcrid olunurdular. Digər tərəfdən, qladiatorlar, xüsusən də ən uğurlu olanlar, sanki müasir rok ulduzları və məşhur idmançılar kimi təqlid edilir və təriflənirdilər. Qladiatorların daimi məşqi onları tamaşaçıların qarşısında arenada parıldayan bədənləri və əzələləri ilə yaxşı hazırlıqlı idmançılara çevirdi.

Qladiatorların bədən mayelərinə, xüsusən də tərinə və qanına Qədim Romada böyük tələbat var idi. Mayelər butulkalara yığılırdı, sonra kosmetik vasitələrə qarışdırılırdı. Qladiatorların qanının epilepsiyanın müalicəsində də faydalı olduğuna inanılırdı.

Nubar Süleymanova, “İki sahil”