05 mart 2024 20:34
668

Azərbaycanın təbii qaz ixrac bazarının genişlənməsi ölkəmizin güclənməsinə xidmət edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi yeni neft strategiyasının uğurlu nəticəsi olaraq ölkəmiz nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün həyata keçirilən neft strategiyası davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə, Azərbaycanın iqtisadi və siyasi cəhətdən daha da güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

Azərbaycan yerləşdiyi regionda əlverişli coğrafi relyefə malik olmaqla yanaşı, zəngin mineral resursları ilə də dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqları daha perspektivli və uzunömürlü olması ilə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycanla enerji sahəsində Avropa İttifaqı və digər dövlətlər tərəfindən əməkdaşlığa maraq günbəgün artmaqdadır.

Məlumdur ki, enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur. Ölkəmizin yeni inkişaf mərhələsində özünün enerji siyasətində qarşılıqlı maraqların təmin olunmasına və bölgədə sülhün, təhlükəsizliyin dərinləşməsinə dəstək verən siyasəti gücləndirmək, Azərbaycanın, xüsusilə ölkə Prezidenti cənab İlham Əlıiyevin həyata keçirdiyi strategiyanın əsas istiqamətlərindəndir..

Ölkəmiz enerji sahəsində Avropa Komissiyası ilə 15 ildən artıqdır ki əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu gün Azərbaycan strateji əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilmişdir. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin iştirakı ilə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edən Prezident İlham Əliyev ötən illərdə bu istiqamətdə reallaşan top­lantılar zamanı enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinin diqqət mərkəzində olduğunu bildirib. Azər­baycanın mövqeyinin bu məsələdə hər zaman ardıcıl olduğunu, bunun hər bir ölkənin milli təhlükəsizlik məsələ­si sayıldığını vuğulayan dövlətimizin başçısı respublikamızın mövqeyində şaxələndirmənin yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edil­məsinin zəruriliyini xatırladıb.

Ölkə başçısı qeyd edib ki, hazırda Avrasiyada yaşanan geosiyasi vəziyyət məhz Azərbaycanın gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Respublikamıza gəldikdə isə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona əlavə edilən bir çox marş­rutlar – interkonnektorlar. Azərbaycan qazının yeni mənbə olduğunun parlaq ifadəsidir. Bu, eyni zamanda, reallaşdı­rılan layihədə enerjinin şaxələndirilməsi prioritetinə ciddi önəm verildiyini də təs­diq edir. 

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır.

Ölkə başçısı bildirib ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səyləri davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Azərbaycan yaşıl enerjiyə keçid prosesində də iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Ölkəmiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacaq.

Prezident İlham Əliyev onu da bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir.

Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir, həmçinin böyük rola malikdir. Azərbaycan özünün artan qaz potensialı ilə də qlobal və regional çevrədə yeni güc mərkəzinə çevrilməkdədir.

Əminik ki, Azərbaycanın Avropada təbii qaz bazarının diversifikasiyası daha çox Avropa ölkəsinə qaz ixrac etməyimizə fürsət yaratmaqla bərabər, Avropada enerji təhlükəsizliyini daha da gücləndirəcək, qaz ixracından əldə edilən gəlirlərin artmasına səbəb olacaq və ölkəmizin gələcək uğurlarının əldə olunmasında mühüm rol oynayacaq.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı