06 mart 2024 17:18
520

Azərbaycan yaşıl enerji strategiyasında da uğura imza atacaq – EKSPERT/ÖZƏL

Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Mövzu ilə bağlı fikirlərini “İki sahil”ə bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəlindən neft strategiyasını başlayan və daha sonra bu uğurlu nəticəni qaz strategiyasında təkrarlayan Azərbaycan bu minilliyin ikinci onilliyində artıq bərpa olunan enerji sahəsində yeniliyin əsasını qoydu: “Sözsüz ki, Azərbaycan bərpa olunan enerji, yəni külək, günəş, aşağı karbonlu yaşıl hidrogen sahəsində böyük potensiala malikdir. Bu mövcud təbii resursların doğru və rentabelli səmərəli istifadəsi üçün biləvasitə belə bir strategiyaya ehtiyac var idi. 2023-cü ildə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində Prezident İlham Əliyev 2026-cı ilə qədər bərpa olunan enerji mənbələrini ölkədə elektrik enerjisi istehsalı üçün quraşdırılmış gücün 24 faizini təşkil edəcəyini, 2030-cu ilə qədər isə bu göstəricinin 30 faizə çatdıracağını bildirmişdi. Bu isə o deməkdir ki, 2018-ci illə müqaisədə 2030-cu ildə bu sahədə 2 dəfədən artıq artım dinamikası olacaqdır.” 

Azərbaycan alternativ mənbələr hesabına istehsal olunacaq elektrik enerjisini Avropaya ixrac edəcək

Azərbaycanın enerji resurslarının istehlakı və ixracı ilə bağlı məsələni şərh edən E.Əmirov vurğuladı ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra isə Avropanın Azərbaycana müraciəti, 2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, dekabrda Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” yaşıl enerji sahəsində atılan mühüm addımlardır: “Bunun nəticəsi olaraq Xəzər dənizi-Avropa İttifaqı yaşıl enerji dəhlizi layihəsi meydana gəldi. Bu layihə çərçivəsində Azərbaycan alternativ mənbələr hesabına istehsal olunacaq elektrik enerjisini Avropaya ixrac edəcək. Bu layihənin qiymətləndirmə prosesləri aparılır və müəyyən işlərə başlanılıb. Təxminən 4 il müdətinə yekunlaşacaq. Bu müddət ərzində Azərbaycan ixrac edəcək enerjinin bu gün istehsalı istiqamətində ciddi addımlar atır. Bununla əlaqədar Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrin aparıcı şirkətləri ilə sənədlər imzalanır, praktik işlər görülür. Düşünürəm ki, neft və qaz strategiyasında olduğu kimi, yaşıl enerji strategiyasında da Azərbaycan uğura imza atmağı bacaracaq.”

Orxan Vahidoğlu, “İki sahil”