01 iyul 2024 17:09
186

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

“Bonn iqlim konfransının birinci əhəmiyyəti ondan ibarətdir ki, de-yure olmasa da COP prezidentliyi artıq de-fakto olaraq Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana keçdi. Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir”.

“İki sahil” xəbər verir ki, bu sözləri azərtac-a müsahibəsində Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

“Digər bir məsələ ondan ibarətdir ki, Bonn iqlim konfransı tərəflər arasında rəsmi danışıqların başlandığı ilk tədbirin və Bakıda keçiriləcək COP29-un hazırlıq mərhələsi sayılır. Bonnda nə qədər çox məsələ həll olarsa Bakıda işlər bir o qədər sürətli irəliləyər və strateji qərarların verilməsi bir o qədər asanlaşar”, - deyə Elnur Soltanov əlavə edib.

Nazir müavini bildirib ki, COP əslində, Birləşmiş Millətlər İqlim Dəyişmələri Konvensiyasının və onun Kioto və Paris sazişlərinin həyata keçirilməsində ali qərarvermə orqanıdır: “Daha fərqli ifadə ilə, COP bu üç müqavilənin interpretasiyası və icrası ilə bağlı yekun qərarların verildiyi tədbirdir. Amma COP-un ali idarəetmə orqanı olaraq yaratdığı altqurumlar var. Bonnda SBİ and SBSTA adlandırılan həmin iki əsas altqurumun konfransı keçirilir ki, bu da yuxarıda qeyd edildiyi kimi, əsas toplantı olan COP-a hazırlıq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Eyni zamanda, Bonn görüşləri COP Prezidentliyi üçün tərəflərin mövqelərini başa düşmək və onların hansı səviyyəyə qədər kompromisə getməyə hazır olduqlarının xəritəsini çıxarmaq nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir”.