09 dekabr 2024 23:48
483

Vətəni canından çox sevənlər...

Elçin Zakir oğlu Ağayev 44 günlük haqq savaşımızda son damla qanına qədər yağıya qarşı vuruşaraq Vətənin sədaqətli övladı kimi adını tarixin şərəfli səhifəsinə yazmağı bacardı. Odur ki, Cəlilabad rayonunun Günəşli kəndində boya-baş çatan Elçin  27 yaşda bu dünyadan köçsə də, indinin  özündə uğrunda şəhid olduğu Vətənin  hər daşında, qayasında, ən əsası xalqının ürəyindədir.

Doğma Azərbaycana sevgi lap kiçik vaxtlardan Elçinin ürəyinə hakim kəsilib. Bu sevgi ilə böyüdüyü üçün müstəqil həyata qədəm qoyanı  tayqulaq Andranikin törəmələrinin Qarabağa  təcavüzünü məğrur  vicdanına sığışdıra bilməyib. Və məqamında döyüş meydanında yağıdan qisas almaq məqsədilə gələcək həyatını hərbiyə bağlamaq istəyib. 2010-cu ildə Heydər Əliyev adına Ali məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vurub və peşəkar hərbçi olaraq Vətənin keşiyində durub. Qısa zaman kəsiyində saf vicdanı, cəsarəti, vətənpərvərliyi onu əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Əsgərləri öz komandirindən Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı öyrəniblər.

Bir ildən sonra Elçin öz xahişi ilə cəbhə bölgəsinə gedib, yağı düşmənlə qarşı-qarşıya dayanıb. Əzəli yurd yerimiz Qarabağın azadlığı naminə polad sinəsini ona sipər etməyə hazır olub.  4 il burada bölmə komandir vəzifəsini şərəflə yerinə yetirib. Özündən böyük komandirlərin bütün tapşırığını qeyd-şərtsiz, məsuliyyətlə, operativ və dəqiqliklə görüb. Erməni dığalarını məhv edib Şuşada olmaq istəyi ilə ürəyi döyünüb. Elə bütün bunlara görə   keçdiyi təlimlərdən ən yaxşı döyüş hazırlığı  qazanıb. Mükəmməl hərbiçi  kimi   düşmən üzərinə gedib ondan qisas alacağı məqamı gözləyib.

Nəhayət 2020-ci il 27 sentyabrda   hər bir qeyrətli Azərbaycan oğlunun arzuladığı gün gəlib. Qəlbində yurd məhəbbəti, əlində silah kapitan Elçin Ağayev odlu-alovlu səngərdə düşmənə meydan oxuyub.  Talış kəndinin, Suqovuşanın və  Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.  İgid kapitan səngərdən-səngərə addımlayıb, hər qələbə qazananda ürəyinə yeni təpər, qollarına qeyri-adı güc gəlib.  Vətənə olan ilahi məhəbbəti neçə-neçə ağır ölüm-dirim  savaşında sübut  edən Elçin oktyabrın 6-da Suqovuşanda dığalara qan qusdurub ürəyincə qisas aldıqdan sonra şəhid olub. Canını Vətəninə  fəda etməklə   xalqın qəlbində yenidən dünyaya  gələn kapitan Elçin Ağayevin qəhrəmanlığı  dövlət tərəfindən  “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının  və Suqovuşanın azadlığına görə  medalları ilə təltif edilib .

Şəhidin atası Zakir kişi deyir:- Təkcə mən yox, bütün Azərbaycan xalqı oğlumla qürur duyur. O, Vətənini çox sevirdi, hətta onun yolunda ölməyi şərəf sayırdı.

Arzusuna çatdı. Axıtdığı qan 30 il əsir düşən Qarabağımızda  üçrəngli  qəlıbə bayrağına döndü. Getməyi tez və şərəfli oldu. 3 körpəsi -  oğlu Zakir,  Nigar və  üzünü görmədiyi körpə balası Şuşa bizlərə əmanət qaldı. Övladları ilə bağlı arzuları çox idi. Sonuncu dəfə evdən çıxanda mənim adımı daşıyan övladına - oğluna sarılaraq deyib ki, evin kişisi sənsən artıq. Ən çox ürəyi  Şuşanın azadlığı ilə döyünürdü.  Biz də oğlum şəhid olandan 58 gün sonra dünyaya  gələn  qızına Şuşa adını verdik...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü