10 dekabr 2024 00:16
484

Ailə dəyərlərini təhdid edən təhlükələr

Qalmaqallı şou verilişləri bütövlükdə milli-mənəvi dəyərlərə qarşı açılmış bir savaşdır

Artıq bir çox ölkələrdə internetdən uşaqların və gənclərin daha çox əyləncə və sosiallaşma məqsədi ilə istifadəsinə qadağalar edilməsinə dair fikirlər səslənir, hətta qanun layihələrinin hazırlanması barədə məlumatlar da mövcuddur. Xüsusən, qardaş Türkiyədə artıq bu istiqamətdə ilkin planlar hazırlanır. Hər halda bu tip qadağalara qarşı çıxanlar da var və ola bilsin ki, bunun haqlı tərəfləri də mövcuddur. Ancaq elə ölkələr vardır ki, internet artıq həmin ölkələrdə ailə institutlarının məhvini sürətləndirən, milli-dəyərlərə qənim kəsilən bir faktor kimi qiymətləndirilir.

Eyni zamanda, müasir televiziyaların da insan həyatına təsirinin sürətlə artması danılmaz həqiqətdir. Çox təəssüf ki, bu təsirin müsbət tərəfləri ilə yanaşı, mənfi yönləri də az deyil. Əslində, bu hal bütün dünya üzrə özünü qabarıq formada büruzə verməkdədir. Məsələn, Venesuelada hakimiyyət başçısı ölkəsində artan cinayətkarlığı daha çox  teleseriallarla əlaqələndirib. Bildirib ki, çəkilən filmlər gənclərin narkotik və silahdan istifadə meyillərini xeyli artırıb.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda da çəkilən bir çox yeni seriallarda zorakılıq, narkotik maddələrdən istifadə halları ilə dolu səhnələr boxdur. Təbii ki, bu, cəmiyyətin haqlı narazılığına səbəb olmaqdadır. Əslində Azərbaycan seriallarında rejissor və ssenaristin seçdikləri mövzular çox məzmunsuz, səviyyəsiz şəkildədir. Sanki bu seriallarda məqsəd küçə əxlaqını, kriminal dünyanı təbliğ etməkdir.

Seriallarda nikahdankənar uşaqların doğulması, nikahsız yaşamalar, qadın əxlaqsızlıqları  tamaşaçıya normal həyat tərzi kimi sırınır

Seriallarda kişi-kişinin qadınına sataşır, qadınlarımız pul düşkünü, vəzifə və şöhrət əsiri kimi tamşaçıya təqdim edilir, nikahdankənar uşaqların doğulması, nikahsız yaşamalar tamaşaçıya normal həyat tərzi kimi sırınır.

Təbii ki, söhbət burada təkcə teleseriallardan getmir. Televiziyada bir sıra verlişlər var ki, onlar da sanki cəmiyyətə, xüsusən ailə institutunun dağıdılmasına yönəlib. Xüsusən, boşanmaların sayının artmasında, ailə-məişət zorakılıqlarının çoxalmasında televiziya və internetin rolunun böyük olması danılmaz həqiqətdir.

Bir haşiyə çıxaraq aşağıdakı statistikanı diqqətə çatdıraq: Ölkəmizdə  2022 ci illə müqayisədə 2023 cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında 5 705 artma olub. Bu rəqəmlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında əksini tapıb. Belə ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb. Rəqəmlərdən də göründüyü kimi, ötən il boşanmalarda artım baş verib.  Bütün bunlar isə onun göstəricisidir ki, Azərbaycanda  ailə institutu zəifləməkdədir. Əvvəldə qeyd etdiyimiz kimi buna səbəb milli dəyərlərimizə qarşı yönəlmiş televiziya verilişləri, seriallar və internet üzərindən tanışlıqlardır.Bir çox  televiziya verilişlərinin təsiri altına düşən isə gənc qızlardır, yeni ailə həyatı qurmuş cütlüklərdir.

Xüsusən gənc qızlar bəzi hallarda sərbəst yaşamaq, müğənni olmaq, onlar kimi bahalı maşınlara sahib olmaq, bahalı restoranlarda vaxt keçirmək, televiziyalarda şöhrət qazanmaq arzusundadırlar. Ona görə ki, televiziya kanallarının şou, ailə, sağlamlıq, maarifçi, hərbi vətənpərvərlik, hətta idman verilişlərinin qonaqları və yaxud «ekspert»ləri də çox vaxt müğənnilər olurlar. Həm də o müğənnilər ki, o özü ailə dağıdıb, ər sözünü götürməyib ayrılıb, biriləri ona «sponsorluq» edir- amma efirdən ailələrə əxlaq dərsi keçir. Təbii ki, burada dəmir məntiq ortaya çıxır: Ailə mövzusunda verilişlərə ekspert kimi dəvət edilənlərin əvvəlcə öz ailə həyatları haqqında məlumat vermələri vacibdir. 
Bir neçə dəfə evlənib-boşanan, ailə müqəddəsliyinin qədrini bilməyən, dünyaya qanunsuz övlad gətirən, məişət pozğunluğunda ad çıxaran, gecə barlarının daimi sakininə çevrilən «sənət» adamları cəmiyyətə ailə dərsi keçir. Tövsiyə edir ki, ailə müqəddəsdir, onun qədrini bilin, ailəni qorumaq lazımdır, filan hərəkətləri etmək düzgün deyil və sair. Halbuki, özləri dediklərinin heç birinə vaxtında əməl etməyib. Ailə məsələləri ilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti də ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Öz ailəsini qoruya bilməyən, ərinə, yaxud həyat yoldaşına xəyanət edən şəxslər çıxıb efirdə ailə paklığından, ər-arvad sədaqətindən danışırlar. Təbii ki, «ailəşünas»” kimi efirlərdə görünənlərin əksəriyyətinin dünyagörüşü, tərbiyəsi bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.
Bu bir faktdır ki, televiziyalarda ailə məsələləri ilə bağlı həm aparıcı, həm də ekspert qismində çıxış edənlərin əksəriyyətinin normal ailə barədə təsəvvürü yoxdur. Əslində ailə məsələlərindən danışan adamlar seçilmişlər olmalıdır. Televiziyalar populyar adamları ekspert kimi təqdim etmək istəyirsə, şoumenləri deyil, ciddi sənət adamlarını seçsinlər. Azərbaycan səhnəsində olan qadın və kişilər yalnız yüngül həyat tərzi keçirənlərdən ibarət deyil ki…Amma bu mənfi tendensiyaya  qarşı televiziyalarda bir ziyalı özü, ağsaqqal öyüdünü çox təəssüf ki, eşitmək mümkün deyil. Ona görə ki, bizim televiziyalara belə sözləri dinləmək və dinlətdirmək sanki qıcıq yaradır.

Artan boşanmaların səbəbi heç də sosial problemlər deyil, həm də  mənəvi aşınmalardır

Bəzən deyirlər ki, ailələr sosial problemlərdən dağılırlar. Bu da ciddi arqument deyil. Ona görə ki, indi boşananların bəziləri imkanlı, zəngin ailənin övladlarıdır. Eyni zamanda, həqiqi Azərbaycan qadını heç vaxt kasıbçılıqdan ərindən boşanmaz, əksinə ona dayaq olmaqla gecə-gündüz çalışar, ailəsini bir tikə çörəyə möhtac qoymaz. Ona görə də qətiyyətlə deyə bilərik ki, sosial problem ailənin dağılması üçün o qədər də ciddi amil deyil”.

Onu da qeyd edək ki, telekanallarda ailə institutuna zərbə vuracaq və müvəqqəti reytinqə hesablanmış verilişlərin dayandırılması istiqamətində də addımlar atılmalıdır. İnternetə gəldikdə isə, onun mənfi təsirlərini neytrallaşdırmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi ilə elm adamlarının birgə proqramlar işləməsi günün tələbidir. Əks təqdirdə ölkəmizdə ailə instiutu təhlükə ilə üzbəüzdür. Necə deyərlər, ailə kiçik bir dövlətdirsə, onda bu böyük dövlət üçün də təhlükə mənbəyi olaraq qalmaqdadır.

Burada bir önəmli məsələni də xatırlatmağa dəyər ki, bir çox televiziya kanalları ucuz reytinq xatirinə yayımladıqları ucuz verilişləri bazar iqtisadiyyatı ilə əlaqələndirirlər. Lakin hələ illər öncə Prezident İlham Əliyev bildirmişdir ki, biz xalqımızın milli –mənəvi dəyərlərini bazar iqtisadiyyatına qurban verə bilmərik.  Əslində, ölkə başçısının bu qiymətli fikri hər bir televiziya rəhbərliyinin gündəlik fəaliyyətinin baş mövzusu olmalıdır. Digər tərəfdən, peşəkar jurnalistikanın bir toxunulmaz meyarı odur ki, kütlənin səviyyəsini qaldırsın, onun səviyyəsinə enməsin.

Elçin Zaman, «İki sahil»