Azərbaycanla-Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi, inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi, mədəni və coğrafi yaxınlıq əsasında formalaşan bu münasibətlər zamanla güclənərək siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq platformasına çevrilib.
Milli Məclisin deputatı Nigar Məmmədova "İki sahil" TV-yə müsahibəsində qeyd etdi ki, Azərbaycan və Gürcüstan əlaqələri ildən-ilə daha da inkişaf edərək, regionda sabitliyə və tərəqqiyə gətirib çıxarmışdır. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər və birgə bəyanatlar bu əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir. Prezidentlər İlham Əliyevin və Mixeil Kavelaşvilinin son bəyanatları da iki ölkə arasında strateji tərəfdaşlığın daha yüksək mərhələyə qədəm qoyduğunu bir daha sübut edir.
-Nigar xanım, Azərbaycan ilə Gürcüstan bu gün Cənubi Qafqazda uğurlu əməkdaşlıq modeli formalaşdırıb və bunu dünyaya təqdim edə bilib. Bu əməkdaşlıq modeli ilə bağlı nə deyə bilərsiniz?
-Hazırda Azərbaycan Gürcüstan münasibətləri region üçün nümunəvi əməkdaşlıq modelidir. Bu əlaqələr sadəcə coğrafi yaxınlıqdan qaynaqlanmır. Burada ortaq tarixi, mədəni və strateji maraqların dərin bağlılığı var. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Gürcüstan arasında formalaşan tərəfdaşlıq xüsusilə əhəmiyyətlidir. Biz bir çox beynəlxalq layihələrdə, o cümlədən enerji və nəqliyyat sahəsində - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng infrastrukturlarda birgə iştirak edirik. Bu layihələr təkcə bizim üçün deyil, bütövlükdə Avrasiya məkanında enerji təhlükəsizliyinə və iqtisadi inteqrasiyaya ciddi töhfə verir. Eyni zamanda, Gürcüstan bizim üçün sadəcə tərəfdaş yox, dost dövlətidir. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı etimad mühiti bu əlaqələrin strateji xarakterini daha da gücləndirir. Bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq modeli artıq regiondan kənarda da maraq doğurur. Bu model bir daha sübut edir ki, Cənubi Qafqazda əməkdaşlıq, qarşılıqlı hörmət və praqmatik yanaşma üzərində dayanan siyasət mümkündür və uğurludur. Bu münasibətlər gələcəkdə də daha da dərinləşəcək, çünki bizi birləşdirən təkcə maraqlar deyil, eyni zamanda gələcəyə dair oxşar baxışlarımızdır.
-Orta Dəhlizin Azərbaycan və Gürcüstansız təsəvvür edilməməsi məsələsinə dövlət başçımız Gürcüstan Prezidenti ilə birgə mətbuata bəyanatları zamanı da xüsusi toxundu. Dövlətimizin başçısı çox önəmli bir məqamı vurğuladı ki, bu layihə yalnız iqtisadi deyil, eyni zamanda, mənəvi və siyasi birliyi, strateji tərəfdaşlığı da özündə ehtiva edir. Həmin bəyanatda diqqətinizi ən çox çəkən məqamlar hansılar oldu? Ümumilikdə, siyasi baxımdan Azərbaycan-Gürcüstan münasibətlərini necə xarakterizə edərdiniz?
-Bu gün dünya yenidən formalaşan qlobal enerji və logistika xəritəsində Cənubi Qafqazın, xüsusilə də Azərbaycan və Gürcüstanın rolunu aydın şəkildə dərk edir. Orta Dəhliz-yəni Çin ilə Avropanı birləşdirən, Şərqdən-Qərbə uzanan bu mühüm nəqliyyat marşrutu Azərbaycan və Gürcüstan olmadan tam mənada fəaliyyət göstərə bilməz. Bu dəhlizin əsas arteriyası məhz bizim üzərimizdən keçir. Bu səbəbdən prezidentlər İlham Əliyevin və Mixeil Kavelaşvilinin verdikləri bəyanatların bu məqamın xüsusi vurğulanması tamamilə təbiidir. Prezident İlham Əliyevin orada səsləndirdiyi fikirlər təkcə iqtisadi baxışın ifadəsi deyil, bu, həm də siyasi qətiyyətin, strateji baxışın və regional liderlik məsuliyyətinin göstəricisidir. Əməkdaşlığımız ortaq tariximizə, mədəni yaxınlığımıza, ümumi maraqlarımıza və strateji tərəfdaşlığımıza söykənir. Bu, onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri müvəqqəti layihə əsasında deyil, dərin təməl üzərində qurulmuş bir modeldir. Siyasi baxımdan bu münasibətləri biz strateji müttəfiqlik səviyyəsində xarakterizə edə bilərik. Bu gün Gürcüstan Azərbaycanın regional təşəbbüslərinin dəstəkləyicisidir və bu, qarşılıqlıdır. Hər iki dövlət regional sabitliyin, təhlükəsizliyin və inkişafın tərəfdarıdır. Ən əsası odur ki, bu münasibətlər heç vaxt üçüncü tərəflərə qarşı yönəlməyib - əksinə, o, Cənubi Qafqazda əməkdaşlıq və tərəfdaşlıq mühitinin nümunəsi olub. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu münasibətlərdə olan qarşılıqlı etimad, açıq və şəffaf dialoq hər zaman sabitliyin əsas açarı olub. Bu gün Azərbaycan və Gürcüstan regionda sabitliyin, iqtisadi inkişafın, beynəlxalq layihələrin daşıyıcı sütunlarıdır və bu əlaqələr gələcəkdə daha da güclənəcək. Çünki bu münasibətlər müvəqqəti maraqlara deyil, ortaq dəyərlərə və uzaqgörən strateji baxışlara əsaslanır.
-Gürcüstanda "xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsi beynəlxalq aləmdə və ictimaiyyətdə geniş rezonans doğurdu. Sizcə, Gürcüstanda bu qanun layihəsinə qarşı başlanan etirazlar nədən qaynaqlanır? Bu məsələdə beynəlxalq reaksiyaları və ikili standartları necə dəyərləndirirsiniz?
-Əvvəla onu qeyd etmək istəyirəm ki, bu gün bəzi xarici dairələrin suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün istifadə etdikləri “demokratiya” və “insan haqları” anlayışları təəssüf ki, ikili standartlar zəminində tətbiq olunur. Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi gündəmə gələn kimi bu ölkəyə qarşı güclü bir beynəlxalq təzyiq kampaniyası başladıldı. Maraq doğuran məqam odur ki, çox oxşar bir vəziyyət vaxtilə Azərbaycanda da yaşanmışdı. Qanunvericiliyimizdə dövlətin milli təhlükəsizliyini qorumağa yönəlmiş şəffaflıq və hesabatlılıq tələb edən dəyişikliklər edildikdə, dərhal ölkəmiz əleyhinə qaralama kampaniyaları başladıldı. Bu onu göstərir ki, əsas məsələ qanun layihəsinin məzmunu deyil, həmin dövlətin kimliyi, siyasi mövqeyi və müstəqil qərarvermə iradəsidir. Bu məqamda Antalya Diplomatiya Forumu xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu forum sadəcə bir konfrans deyildi, fikir mübadiləsi üçün çoxşaxəli və qlobal bir platforma idi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycana qarşı aparılan linç kampaniyaları artıq o qədər də effektiv deyil. Çünki biz öz sözümüzü həm regional, həm də beynəlxalq platformalarda deyə bilirik. Bizim siyasətimiz şəffafdır. Bu siyasətin əleyhinə olanlar isə, təəssüf ki, çox vaxt regionun sabitliyini pozmaq istəyən maraqlı dairələr olur.
-Transsərhəd təhdidlər və regional çağırışlar fonunda bu əməkdaşlıq hansı imkanları yaradır?
-Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətlərin inkişafı ilə kifayətlənmir, eyni zamanda, Cənubi Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı iqtisadi artımın təmin olunması və beynəlxalq platformalarda ortaq maraqların müdafiəsi baxımından əhəmiyyətli rol oynayır. Bu tərəfdaşlıq regionda sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın əsas dayaqlarından biri hesab olunur.
-Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini necə dəstəkləyir və bu əməkdaşlıq hansı nəticələr verir?
-Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi iki ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın bariz nümunəsidir. Bu dəstək həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasına xidmət edir. Bundan əlavə, Azərbaycan və Gürcüstanın dövlət başçıları arasında keçirilən görüşlərdə də qarşılıqlı dəstək ifadə olunur. Qeyd edim ki, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi, yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional sabitliyin və beynəlxalq hüququn qorunmasının mühüm amilidir.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”