20 may 2025 02:58
95

Diplomatiyamızın Tirana uğuru

Keçən həftə Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi. Sammitdə Azərbaycan özünü Cənubi Qafqazın aparıcı dövləti kimi təqdim etdi. Orada bir çox ikitərəfli görüşlər keçirildi.

Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş xüsusi maraqla izlənildi. Görüş formatı etibarilə “sülh gündəmi” adı altında təqdim edilsə də, əslində, Cənubi Qafqaz regionundakı güc balansının kimin lehinə dəyişdiyini göstərən əlverişli bir məqam idi.

 Prezident İlham Əliyev bu görüşdə təkcə ölkəmizin haqlı mövqeyini deyil, həm də yeni reallıqlar üzərində qurulan siyasi iradəsini nümayiş etdirdi. Başqa cür desək, ölkə başçısı bu danışıqlarda yalnız diplomatik mövqe ifadə edən tərəf deyil, eyni zamanda, şərtləri diktə edən güc rolunu oynadı. Baş nazir Nikol Paşinyanın jestləri, mimikası və ritorikası isə onu göstərirdi ki, Ermənistan tərəfi artıq proseslərin subyekti deyil, obyektidir. Toplantıda Paşinyan ağalarının tapşırığı ilə üzünə nə qədər  demokrat maskası taxsa da yeddi illik hakimiyyəti dövründə törətdiyi əməlləri onun işğalçı sifətini göstərirdi. Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayıb talayan təcavüzkar bir dövlət insanlıqla bir araya sığmayan hərbi cinayətlərinə necə haqq qazandıra bilər? Aydın məsələdir ki, başı tumarlanan Ermənistan Avropada çox fəaldır. Orada Paşinyana “sülh mələyi” kimi tost deyənlər və bu gün də arxasında duranlar az deyildi. Lakin buna baxmayaraq İrəvanın mövqeyi real hərbi-siyasi-iqtisadi güc balansında öz əksini tapmır. O, Azərbaycanın yanında elə hər mənada cırtdan olaraq qalır. Təsadüfi deyil ki, Tiranadakı danışıqlar masası həm də Azərbaycanın yaratdığı yeni reallıqların Avropaya təqdimatı idi.

Sammitin diqqət çəkən bir maraqlı detalı da Paşinyanın havadarlarından biri olan Fransa Prezidenti Emmanuel Makronun İlham Əliyevə yaxınlaşaraq onunla söhbət etməsi oldu. Bu, Parisin artıq Bakının sərt və prinsipial mövqeyinə uyğunlaşmağa məcbur olduğunu göstərdi. Ermənistanla bağlı təktərəfli siyasət yürüdən Fransa indi Azərbaycanla təhdid və danışıq dilini dəyişməyə çalışır.

Əslində bu da təsadüfi deyil. Belə ki, Azərbaycanın artan iqtisadi çəkisi, Türkiyə ilə strateji müttəfiqliyi və regional nəqliyyat dəhlizləri üzərindəki nəzarəti onu geosiyasi mərkəzə çevirib. Görünür, rəsmi Paris də bu reallığın fərqindədir və oyundankənar vəziyyətdə qalmaq istəmir. Ola bilər ki, Makronun hansısa ağlagəlməz başqa variantı da var, ancaq bunlar isə aldadıcı jestlərdir. Tezliklə hər şey üzə çıxacaq. İstər Nikol Paşinyan, istərsə də “patronu” Emmanuel Makron olsun, bir görüşdə bunların səmimiyyətinə inanmaq sadəlövhlük olardı. Çünki keçən beş ildə törətdikləri saysız rəzalətlər onlara olan inamı kökündən sarsıdıb. Daim onlardan o qədər kin-küdurət və düşmənçilik görmüşük ki, indi birdən-birə əks tərəfə dəyişmələri təəccüblü görünür.

Tiranadakı görüşlər bir daha göstərdi ki, Azərbaycan artıq regional deyil, qlobal proseslərin təsir dairəsinə daxil olan ciddi bir aktordur. Prezident İlham Əliyev bu gücü diplomatik zəkası ilə birləşdirərək həm Avropaya, həm də Ermənistana aydın mesaj verdi: bu masada bərabər tərəf olmaq üçün əvvəlcə reallığı anlamaq və qəbul etmək lazımdır. Ermənistanın və havadarlarının uzun illər göstərdikləri ağılsız dirəniş heç bir fayda vermədi, haqlı tərəf meydandan  qalib olaraq çıxdı. Ermənistan isə nə döyüş meydanında, nə də danışıqlar masasında Azərbaycana bərabər tərəf ola bilmir, çünki onun beyni xəstə, iqtisadi imkanları zəifdir, müstəqil siyasət düşünmək və yeritmək bacarığı yoxdur.

Keçən otuz beş ildə bu kiçik ölkəyə başçılıq edən dörd nəfərin heç biri uçuruma doğru gedən cırtdan dövləti düzgün istiqamətə-ölkələrlə əməkdaşlığz  yönəldə bilmədi. Özləri barədə uydurduqları miflər və əsatirlər sabun köpüyü kimi partlayıb yoxa çıxdı.

Vəli İlyasov, “İki sahil”