«Avropa Siyasi Birliyi»nin Tirana toplantısında bir daha təsdiqləndi ki, Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşıdır
Çoxvektorlu, qarşılıqlı əməkdaşlığa əsaslanan, müstəqil xarici siyasəti dünyada dəstəklənən, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin milli mənafeyini və dövlətçilik maraqlarını qorumaqla, regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini genişləndirməklə nüfuzlu aktor kimi mövqeyni möhkəmləndirən Azərbaycan güc mərkəzi olduğunu təsdiqləyib. Getdikcə gərginləşən, təhdid və təzyiqlərin qlobal siyasətə təsirinin artdığı müasir dövrümüzdə dünya nizamının ən aktual mövzularının müzakirə olunduğu siyasi, iqtisadi, humanitar platforma kimi tanınan ölkəmiz Çindən Afrikaya uzanan ərazini əhatə edən siyasi xəritədə yerini möhkəmləndirir, genişmiqyaslı əməkdaşlıq münasibətlərini möhkəmləndirir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla başa çatması Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın nümunəsidir.
Prezident İlham Əliyevin bu yaxınlarda Çin Xalq Respublikasına dövlət səfərinin bütün dünya ictimaiyyəti tərəfindən maraqla izlənilməsi, müzakirə olunan məsələlərin qlobal hadisələrə təsirinin etiraf olunması göstərir ki, Şərq və Qərb istiqamətində balanslaşdırılmış xarici siyasətini davam etdirən Azərbaycan ikitərəfli və çox tərəfli strateji tərəfdaşlığa böyük töhfələr verir. Rəsmi Bakının «Vahid Çin» siyasətini dəstəkləməsi bir daha göstərdi ki, ” Azərbaycan başqa dövlətlərin daxili işlərinə müdaxiləni mümkünsüz hesab etdiyi kimi, ölkəmizə qarşı da eyni münasibətin göstərilməsini tələb edir. Bütün dövlətlərin ərazi bütövlüyünün beynəlxalq hüquq normaları əsasında tanınmasını və qorunmasını qarşılıqlı əməkdaşlığın başlıca amili hesab edir. Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinə qoşulmaqla nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsini dünyada sabitliyin qorunması baxımından başlıca amil kimi dəyərləndirir. Terrorizmə, ekstremizmə, separatizmə qarşı konkret mövqe ortaya qoyan, güc mərkəzlərindən sayılan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaşlığı daha üstün statusla əvəzləmək niyyətində olan Azərbaycanın bu qurumun zirvəsində olacağı şübhəsizdir. Yaxın günlərdə ölkəmizdə səfərdə olmuş Almaniya, Gürsüstan, İran prezidentləri Frank-Valter Ştaynmayerin, Mixeil Kavelaşvilinin, Məsud Pezeşkianın da Qarabağın Azərbaycana məxsus olduğunu ifadə etmələri bu reallığın təsdiqi olmaqla ölkələr arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün əlavə imkanlar yaradır.
Şübhəsiz ki, bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Sevindirici haldır ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın bu sahədə rolu əvəzsizdir. Qlobal miqyasda enerji ixrac edən, regional əməkdaşlıq müstəvisində nəqliyyat və enerji layihələrinin təşəbbüskarı kimi tanınan, dinamik inkişaf səviyyəsi ilə seçilən Azərbaycan bölgədə mövcud olan siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq güclü dövlət kimi mövqeyini möhkəmləndirir. Qlobal Cənubun fəal üzvü olan ölkəmiz təkcə ənənəvi enerji layihələri ilə deyil, yaşıl enerji ixracı sahəsində də üstünlüyünü qoruyur. 2023-cü ilin fevral ayında Bakıda Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının (Aİ) 10 ölkəsinin enerji təhlükəsizliyinin təmintına töfhələr verən, Orta Dəhliz layihəsinin aparıcı tərəfi kimi önəmini qoruyan ölkəmizə alternativ nəqliyyat dəhlizləri baxımdan ehtiyac artıb. Bu baxımdan beynəlxalq aləmdə ölkəmizlə bağlı etiraf olunan həqiqət dəyişilməzdir: Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu ölkəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycanla hesablaşırlar: «Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.»
Praqadan başlayaraq artıq VI dəfə reallaşan «Avropa Siyasi Birliyi»nin Tirana Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevin Albaniyaya səfəri də uğurlu məqamlarla yaddaşlarda qaldı. Mühüm platforma kimi tanınan qurumun bütün toplantılarında regionda güc balansının tarazlanması üçün faydalı təklifləri, səmərəli görüşləri ilə dövlət başçıları arasında fərqlənən Prezident İlham Əliyev diplomatik gedişləri ilə böyük nüfuz qazanmışdır. Bütün beynəlxalq təşkilatlarda görüşlərini, müzakirə olunan məsələlərin həllini yeni reallıq üzərində müəyyənləşdirən Prezident İlham Əliyev Tirana Zirvə toplantısında da siyasi iradə nümayiş etdirdi. Forumda təsdiqləndi ki, qlobal situasiyalarla üzləşən, daha mürəkkəb hadisələrlə qarşılaşan dünyamızın xilası təkcə diplomatik səylərlə deyil, , güc amili ilə də bağlıdır. Həmişə olduğu kimi, şəxsi nüfuz sahibi olduğunu bu toplantıda da nümayiş etdirən Prezident İlham Əliyev müsahibə üçün ən çox müraciət olunan ölkə başçısı kimi həmkarlarından fərqləndi. Praqa sammitində iştirakı ilə qurumla başlanan təmsilçilik sonrakı sammitlər də Azərbaycan üçün uğurla nəticələnib. Praqadakı Zirvə toplantısında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qarşılqlı olaraq bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması barədə razılığın əldə olunması sonrakı sammitlərdə daha geniş miqyasda müzakirə olundu. Fransanın, Aİ və Ermənistanın Azərbaycana qarşı planı pozuldu və Makronla Paşinyan Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qaldılar. Prezident İlham Əliyevin qətiyyəti və düşünülmüş xarici siyasəti nəticəsində ölkəmizin dünya birliyindəki reytinqi getdikcə yüksəldi. Ölkəmizin haqlı mövqeyini dəstəkləyənlərin, rəsmi Bakı ilə əməkdaşlıq etmək istəyənlərin sayı artdı.
Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin sarsılmazlığı «Avropa Siyasi Birliyi»nin İspaniyada keçirilən Qrenada Sammitində daha bariz şəkildə təsdiqləndi. 2023-cü ilin oktyabrında Avropa İttifaqı Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən, Ermənistanın baş naziri Nikol Paşinyanla nəzərdə tutulan görüşdən imtina edən Prezident İlham Əliyev siyasi şou oyuncularının planlarını alt-üst etdi. Həmin ilin sentyabrında Qarabağda aparılan, cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra sülh sazişinin imzalanmasına ümidlərin artırdığı məqamda çirkin niyyətlilərini Qranadada davam etdirmək istəyən, görüşündən əvvəl İrəvana səfər etməklə «Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək», «Qarabağın blokadası və məcburi köçürülmə» sayıqlamaları ilə Azərbaycanı təhdid edən Fransanın rəsmiləri həmin vaxt daha bir zərbə aldılar. Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz adlandıran Prezident İlham Əliyev «Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarının normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük» sözləri ilə Ermənistanı silahlandıran, revanşistləri yeni müharibəyə həvəsələndirən Fransanın Prezidenti Emmanuel Makrona yerini göstərdi. Makronun göstərişlərinə uyğun Fransa Senatının aşağı palatasında qondarma rejim «Dağlıq Qarabağ respublikası»nı tanıyan qətnamələrin qəbulunu əsassız adlandıran rəsmi Bakının Yelisey Sarayına mesajı da sərt oldu: «Makron bilməlidir ki, Azərbaycan Afrika deyil.» Siyasi iradəsi, diplomatik gedişləri ilə beynəlxalq aləmdə baş verənlərlə bağlı sözünü söyləyib, vədinə sadiq qalan, bu cür şouların məqsəd və məramını liderlik təcrübəsi fiaskoya uğradan Prezident İlham Əliyev bu formatda danışıqlarda iştiraka ehtiyac görmədiyi üçün Qrenada görüşündən imtina etdi.
«Avropa Siyasi Birliyi»nin VI toplantısında iştirak edən Prezident İlham Əliyevin Albaniya səfəri də maraqlı məqamlarla yadda qaldı. Tirana toplantısında Makronun Prezident İlham Əliyevə görüntü xatirinə də olsa « səmimi münsibəti» Qrenada «dərsi»nin uğuru kimi dəyərləndirilə bilər. Bu sammitdə də Paşinyan ehtiyat oyunçu kimi pərdə arxasında qaldı. Ermənistanın baş naziri Avropada dəstəkləndiyini zənn etsə də oyuncaq subyekti kimi, «Aralıq ata, kor fatı» təsəvvürü yaratdı. Tirana görüşünündə Prezident İlham Əliyevə artan marağı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü Ermənistana xəbərdarlıq kimi də dəyərləndirmək olar. Dövlət başçımızın sammit çərçivəsində keçirdiyi mühüm əhəmiyyətli görüşlər də təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşıdır. Toplantıda iştirak edən dövlət başçıları arasında Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayının çoxluğu, Azərbaycanın nəinki Avropada, hətta dünya birliyində söz sahibinə çevrildiyinin təsdiqi olmaqla ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətinin göstəricisi, ölkəmizə qarşı təxribat kampaniyalarının müəllifləri olan Qərb liderlərinin ikiüzlü siyasətinin ifşası kimi yadda qaldı. Fransa Prezidenti dövlətimizin başçısının qarşısında həlim görünməyə çalışdı. Bu «həlimliyin» açıqlamasını belə izah etmək olar: Makron gec də olsa, «Qarabağ Azərbaycandır!» reallığını dərk etməyə məcburdur. Toplantının yadda qalan digər məqamı isə Ermənistanın baş naziri ilə Makronun arasındakı yerdəyişmə idi. İllərdən bəri Makronun çətiri altında boynu bükük gəzən Paşinyan bu dəfə Makronu qorumaq üçün onun çətirini daşıyırdı. Dövlət başçımız İlham Əliyevin Tirana toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də diqqəti cəlb etdi. Lider qətiyyəti, qalib, məkana hakim görünüşü ilə ələbaxan Paşinyanı kölgədə qoyan cənab İlham Əliyevin rahatlğı qarşılığında Ermənistanın baş nazirinin adətkərdə olduğu kölələrə məxsus boynubükük, gərgin psixoloji vəziyyəti ikrah doğururdu. Paşinyanın görüşdən öncə Prezident İlham Əliyevə «qəhvə icmək» təklifinə dövlət başçımızın bütün görüşlərini qurtarandan sonra gəlməsi də Nikolun yerinin «axırdan birinci» olmaq xəbərdarlığıdır.
Albaniya səfəri bir daha göstərdi ki, dövlət başçımızın düşünülmüş diplomatik fəaliyyəti Azərbaycanı yalnız regionda deyil, bütün dünyada nüfuzlu və aparıcı ölkələrdən birinə çevirir. Artıq dünyanın «böyük gücləri» belə Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialını etiraf etməklə, ən güclü dövlət olduğunu təsdiqləyirlər. Bu dəyər ölkəmizin beynəlxalq aləmdə artan çəkisinin, Azərbaycan Prezidentinin şəxsi nüfuz və siyasi hazırlığının göstəricisidir. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi anonsu isə siyasi uğurlarımıza əlavə dividendlər qazandırır.
Xuraman İsmayılqızı, «İki sahil»