20 may 2025 00:38
93

İqtisadi və sosial inkişaf bir-biri ilə tamamlanmalıdır - Əsas hədəf

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq

Azərbaycan son illərdə dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətli inkişaf edən ölkədir. «Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq» söyləyən dövlət başçısı İlham Əliyev diqqəti regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icra edildiyi dövrə yönəldərək bildirir ki, sənədin icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Belə olan halda sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq.» Bölgələrin malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün infrastrukturun yeniləşdirilməsi əsas idi. Regional inkişaf proqramlarının uğurlu icrası bu sahədə mühüm addımların atılmasını stimullaşdırdı. Cənab İlham Əliyev bu reallığı da daim qeyd edir ki, bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: «Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır... Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır.»

Günümüzün bu reallığını da qeyd edək ki, indi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb. Ölkə iqtisadiyyatına yatırılan 310 milyard dollara yaxın investisiyanın 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Ötən dövr ərzində dörd Dövlət Proqramının icrası nəticəsində iki milyondan artıq yeni iş yeri açılıb ki, onun da böyük bir hissəsi daimidir. Bu istiqamətdə atılan addımların nəticəsində işsizliyin səviyyəsi 49 faizdən 5 faizə endi. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Əmək haqları və pensiyalar mütəmadi olaraq artırılır. Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir.

Prezident İlham Əliyev çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi, yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar, təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park, bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Hazırda paytaxt Bakı ilə yanaşı, Bakıətrafı qəsəbələr, bölgələrimiz inkişafın yeni mərhələsini yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin bu il keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, eyni zamanda, imzaladığı Sərəncamla «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nın təsdiqlənməsi ölkəmizin hərtərəfli inkişafının dövlətin iqtisadi siyasətində prioritet olduğunu nümayiş etdirir.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini bildirdi və bu istiqamətdə ardıcıl addımlar atıldı. Regional inkişaf proqramları ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramları icra edildi. İnfrastrukturun yenilənməsi istiqamətində atılan addımlar paytaxt Bakının və qəsəbələrin simasında da özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Onu da qeyd edək ki, özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər.

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesin planlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdə xidmətlərindən faydalana bilərlər.

2019-2024-cü illərdə 800-dək vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən yararlanıb. Regionlarda «Kiçik və orta sahibkarlıq ev»lərinin, «ASAN xidmət», DOST, ABAD mərkəzlərinin yaradılması, coğrafiyasının genişlənməsi də sabikarlara diqqət və qayğının tərkib hissəsidir. Bütün hallarda bazar iqtisadiyyatının aparıcı qüvvəsi olaraq sahibkarlığın inkişafı əsas hədəf kimi qarşıy qoyulur. Dünyanın, o cümlədən ölkəmizin 2019-cu ilin sonlarından başlayaraq koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda dövlətimizin sahibkarlara göstəridiyi qayğı beynəlxalq səviyyədə təqdir edildi. O da məlumdur ki, Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur. Bu əlamətdar gün bununla əsaslandırılır ki, 2002-ci ilin 25 aprel tarixində Ümummilli Lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Göründüyü kimi, sahibkarlığın inkişafı və dəstəklənməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir. Sahibkarlıq sektoru iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. «Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq» söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Son 21 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Bu gün bölgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Azərbaycan bütün sahələrdə uğurları, təcrübəsi ilə nümunə oldu. Tarixi Zəfərimiz yeni Dövlət Proqramının qəbulunu bir zərurətə çevirdi. 5 əsas hədəfi özündə ehtiva edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» qalib, bütövləşən Azərbaycanın qarşısında dayanan çağırışların yüksək səviyyədə yerinə yetirilməsində yol xəritəsi kimi dəyərləndirilir. Tarixi sahibinə qayıdan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərinin təqdimatında öz sözünü deyir. Cənab İlham Əliyevin bu günlərdə Şuşaya, Xocalıya və Ağdama səfəri çərçivəsində açılışında iştirak etdiyi sosial obyektlərə diqqət yetirsək yol-nəqliyyat infrastrukturunun prioritetliyini daha aydın görmək mümkündür. Belə ki, dövlət başçısı İlham Əliyev Ağdam dəmir yolu vağzalının açılışında iştirak etdi. Ağdam Muğam Mərkəzinin açılışında vurğuladı ki, Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır: «O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.» O da qeyd edildi ki, bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq.

Cənab İlham Əliyev hələ ilin əvvəlində keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də bu statistik rəqəmləri açıqlamışdır ki, 3400 kilometrə yaxın avtomobil yolu, hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir: «Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.» «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» qarşıdakı dövrün hədəflərini kə onlara nail olmağın mexanizmlərini özündə ehtiva edir.

İstər paytaxt Bakıda, istərsə də regionlarda görülən işlərin əsasında insanların rahatlığının təmin olunması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dayanır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin, sahibkarlığın inkişafına dəstəyin göstəricisidir. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Bu sektorun inkişafı iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyə imkan yaradacaq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər, digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Gələcəkdə neft amilinin ümumi daxili məhsulda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaq. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»dən irəli gələn hədəflərin reallaşdırılması yönümündə atılan addımlar və onların uğurlu nəticələri bunu deməyə əsas verir.

Yeganə Əliyeva, «İki sahil»